SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik zirvəsinə ucalan hərbçilərindən biri də gizir Sadıqlı İbrahim Şahin oğludur.

BAKU.WS xəbər verir ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid İbrahim Sadıqlı 28 iyun 1993-cü ildə Bakı şəhəri Binəqədi rayonunda ziyalı ailəsində dünyaya göz açıb.

O, 2011-ci ildə Binəqədi rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb, Salyan rayonu N saylı hərbi hissədə xidmətini davam etdirib. 2013-cü ildə hərbi xidmətdən tərxis olub və 2015-ci ildən yenidən hərbi qulluqçu olmaq barədə qərar verib və sənədlərini yeniden Binəqədi Rayon Hərbi Komissarlığına təqdim edib.

Şəhid İbrahim 2016-cı ildən ordu sıralarında XTQ kursunu keçməklə gizir snayper kimi xidmətə qəbul olunub.

Xidmət müddətində döyüş tapşırıqlarının icrasında, nizam-intizamında, xidməti fəaliyyətində yüksək peşəkarlıq göstərdiyinə görə, Hərbi Hissə komandanlığı, XTQ komandanlığı, MN rəhbərliyi tərəfindən fəxri fərman və diplomlarla təltif olunub.

2018-ci ilin 26 iyun tarixində - Silahlı Qüvvələr günü Cənab Prezident İlham Əliyevin sərəncamı əsasında Müdafiə Naziri cənab general-polkovnik Zakir Həsənov tərəfindən ORDUNUN 100 İLLİK YUBİLEY MEDALI ilə təltif olunub.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı ilk əmr verilən gündən döyüşə atılmış, Murovdağ, Kəlbəcər, Ağdərə, Cəbrayıl və Füzuli uğrunda gedən döyüslərdə fəal iştirak edərək düşmənin 60-a yaxın zabit, əsgər heyətinin məhv edilməsində müstəsna rolu olmuşdur.

Döyüşlər zamanı 1-i zabit olmaqla, 2 yaralı döyüş yoldaşını meydandan çıxarmağa müvəffəq olmuşdu.

İbrahim Sadıqlı Cəbrayıl uğrunda gedən döyüşlərdə 2020-ci il oktyabrın 3-də şəhadətə çatmışdı.

Ölümündən sonra 09.12.2020-ci il tarixində "Qarabağ ordeni" ilə, 15.12.2020-ci il tarixində "Vətən Uğrunda" medalı ilə, 24.12.2020-ci il tarixində "Cəbrayılın azad olunması görə" medalı ilə, 25.12.2020-ci il tarixində "Füzulinin azad olunmasına görə" medalı və 24.06.2021-ci il tarixində “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Döyüş yoldaşlarına dediyi son istəyi isə bu cür olub: "Mən Şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın".

Şəhid İbrahim Sadıqlı 2020-ci ilin oktyabr ayının 4-də 2-ci Fəxri Xiyabanda dəfn olunub.

BAKU.WS
QALEREYA