SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqust ayının 13-ü və 14-də Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

BAKU.WS xəbər verir ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.

Mərasimlərdə çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Vətən Müharibəsində şanlı Qələbənin coşqusunun yaşandığı və Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulamışlar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatması, müqəddəs torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşən sərhədçilərin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaları ilə qürur duymaları vurğulanmışdır.

Azad olunmuş sərhədlərimizin müdafiə və mühafizəsinin təmin olunması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi, yeni hərbi hissələrin formalaşdırılması, və sərhəd xətti boyu sərhəd zastavalarının bərpa olunması, yeni sərhəd-döyüş məntəqələrinin fəaliyyətə başlaması qeyd edilmişdir.

Mərasimlərdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanmışdır.

Tədbirlər zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunmuşdur.

Tədbirlər çərçivəsində Vətən Müharibəsində canlarını Vətən uğrunda fəda edərək həlak olmuş sərhədçilərin xatirə abidəsi açılmışdır. Mərasimlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

BAKU.WS
QALEREYA