Bir müddət əvvəl "Youtube" videohostinqinə yerləşdirilən "Bəxt üzüyü 2" filmi izləyicilərin tənqidi ilə üzləşib. Ekran işinin yaradıcıları aşağı səviyyəli ssenari və filmin ilkin versiyasında rol alan artistlərin ikinci filmdə yer almadığına görə kəskin qınanılıblar.


"Bəxt üzüyü 2"yə rol almayanların arasında 1991-ci ildə çəkilən "Bəxt üzüyü" filmində Sara obrazını canlandırmış aktrisa, Əməkdar artist Gülşad Baxşıyeva da var.

BAKU.WS-ə açıqlama verən aktrisa ikinci hissəyə çəkilmədiyinin səbəbini belə izah edib:

"Bir nəfər mənə dedi ki, "Bəxt üzüyü" filminin ikinci hissəsi çəkilib. Soruşdu ki, siz niyə yoxsunuz? Bir anlıq donub qaldım. Elə bildim ki, Ramiz Əzizbəyli çəkib və məni dəvət etməyib. Bu, mənim üçün şok ola bilərdi. Kimin çəkdiyini öyrənəndə isə dedim ki, heç lazım da deyil. Düzdür, heç dəvət də etməmişdilər".

Məlumat üçün bildirək ki, "Bəxt üzüyü 2"də "Bəxt üzüyü"ndə Hüseyn obrazını canlandıran aktyor, Əməkdar artist Ayşad Məmmədov da yer almayıb. Məsələ ilə bağlı açıqlama verən aktyor bildirib ki, dəvət olunsa da, filmdə özü rol almaq istəməyib.

Hüseyn Məmmədsalahov
BAKU.WS