SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Zamiq Hüseynov maraqlı açıqlamaları ilə diqqət çəkib.

BAKU.WS-in mikrofonuna danışan sənətçi övladı Zeyn və şou-bizneslə bağlı ona ünvanlanan suallarımızı cavablandırıb.

Sözügedən müsahibəni oxuculara təqdim edirik:

Zamiq Hüseynovun konsertində başına gələn maraqlı hadisə hansı olub?

Sonuncu konsertimdə mikrofon söndü. İşləmədi. Təxminən 10 dəqiqə çəkdi. Canlı ifalar zamanı belə şeylər çox olur. Bu da ki həm maraqlıdır, həm də biz buna öyrəşmişik. Bu il yox, gələn il konsertim olacaq. Bu, silsilə formasında təşkil olunacaq. 

Bir sənətçi kimi sizin çoxlu fanatlarınız var. Bəs Zamiq özü kiminsə fanatıdır?

Heç bir müğənninin fanatı deyiləm. Amma sevdiyim ifaçılar var. Heç vaxt müğənnilərin fanatı olmamışam. İdmançılara isə fanatlıq etmişəm. Məsələn, tribunada oturmusan, bir tərəfdə ən sevdiyim müğənni oxuyur, digər tərəfdə isə futbol oyunu gedir. Mən futbola baxmağı seçərəm. Futbolçuların həyatı mənə daha çox maraqlıdır. Uşaqlıqdan futbola böyük həvəsim olub. Kriştiano Ronaldonu yaxından görmüşəm. Çox maraqlı istəkdir. Amma heç bir müğənniyə qarşı belə bir istəyim olmayıb. Dünya ulduzları olub ki, onlarla eyni səhnəni bölüşmüşəm. Xatirə olaraq foto çəkdirmişəm, amma çox da heyranlıqla qarşılamamışam.

Qarşıdan futbol üzrə 2022 Dünya Çempionatı gəlir. Zamiq bəy hansı ölkəni dəstəkləyir?

Çox təəssüf ki, bu yarışda Azərbaycan, eləcə də Türkiyə yoxdur. Portuqaliyanı dəstəkləyirəm. İstəyirəm, Portuqaliya qalib olsun. Fransadan da çox sevdiyim oyunçular var. Onların da, həqiqətən, komandaları çox güclüdür. Amma son zamanlar Portuqaliyadan olan yarımmüdafiəçilər çox yaxşıdırlar. Kriştiano Ronaldo da oradadır. İnanıram ki, çox yaxşı oynayacaqlar.

İnstaqramdan aktiv istifadə edirsiniz. Tez-tez layihələriniz, fotosessiyalarınız, hərdən isə övladınız Zeynlə bağlı paylaşımlar edirsiniz. Bizə maraqlıdır, Zamiq Hüseynov yeganə övladının adını niyə məhz Zeyn qoyub?

Bilirsiniz, Zeyn adı Zamiqə çox yaxın addır. Tərcüməsi çox xoşuma gəldi. Mən onu gələcəkdə parlaq bir insan kimi görürəm, ona görə də ona Zeyn (bəzək) adını yaraşdırdım. Gələcəklə bağlı nəyisə arzu etməyi çox sevən insanam. Ancaq yaxşı şey fikirləşirəm. Düşündüm ki, o, gələcəkdə futbolçu da olsa Zeyn adı ona daha çox yaraşar və gözəl səslənir. Müasir və maraqlı addır. Həm də ki “ZH” adına uyğun gəlir. Amma o da mənim kimi müğənni olmasın. Bu sənətdə çox çətinliklərdən keçmişəm. Ona görə istəməzdim ki, övladım müğənni olsun. Amma musiqi duyumu olsun. Pianinoda, gitarada ifa edə bilsin.

İstərdiniz, övladınız böyüyəndə xaricdə təhsil alsın?

Bilirsiniz, ən zəif nöqtəm onun təhsilidir. İstərdim ki, imkanın çatdığı qədər ona yaxşı təhsil verim. Bu mənim üçün çox vacibdir. Xarici ölkədə təhsil alsa, ondan ayrı qalmaq çətin olar. Amma o da müəyyən vaxta qədər mənimlə olacaq. Ondan sonra isə artıq mən onun yanında olmayacam. Ona görə ona necə xoş olacaqsa, elə də edər.

Övladınızla birlikdə reklama çəkilmək təklifi gələrsə, qəbul edərsiniz?

Bu təklif olub, hətta dəfələrlə olub... Amma mən razı olmamışam. Yüksək qonorar da təklif ediblər, yenə də razılaşmamışam. Heç kliplərimdə də düşünmürəm ki, nə vaxtsa çəkilməyə icazə verərəm.

Zamiq Hüseynov şou-biznesdə kimlərlə duet oxumaq istəməzdi?

Şou-biznesin 90%-i ilə duet oxumaq istəməzdim. Bu faiz göstəricisində heç bir həmkarımın adını çəkə bilmərəm. Məndən inciyərlər.

Yerli şou-biznesdə bəzi müğənnilər özünə yaş məhdudiyyəti qoyur ki, bu yaşda sənətdən gedəcəm. Zamiq Hüseynov da özünə belə bir yaş məhdudiyyəti qoyub?

Mən hiss edirəm ki, sənətdən tez gedəcəm. Neçə yaşda gedəcəyimi bilmirəm. Amma bu sənətdən getməyim çox uzaqda deyil. Tez gedəcəm. Bunu hiss edirəm. Dəfələrlə evdə də danışanda, dostlarımla da danışanda bunu deyirəm. 5-10 il arası mütləq sənətdən uzaqlaşacam. Ancaq ayda bir, ya da iki dəfə özüm üçün mahnı oxuyaram. Tamamilə bu sənətdən uzaq olacam.

Son zamanlar bəzi şou nümayəndələri efirlərdə bahalı mülklərini, avtomobillərini nümayiş etdirirlər. Buna münasibətiniz necədir?

Populyar insanların gündəlik həyatı, geyimi, yediyi hər kəsə maraqlıdır. Mənə də dəfələrlə təklif edilib. Lakin mən evimin içini göstərməmişəm. Hansı maşını sürürəm, nə geyinirəm, bunun yalnız mənə aidiyyəti var. İnanmıram ki, yaxşı musiqiçi evnin içini çəkmək üçün kimdənsə nəsə xahiş etsin. Bu tip müğənnilər daha çox populyar olmaq istəyənlərdir. Bu gün sosial şəbəkələrə girənlərin, demək olar ki, hamısının içində bir ulduzluq sevdası var imiş. Bütün sosial platformalar da onların əsl üzünü açdı. Amma keyfiyyətli insan, öz sənətini sevən biri heç vaxt deməz ki, gəl mənim evimi çək.

Zamiq Hüseynovun müğənnilikdən başqa sahədən gəliri var? Şəxsi biznesi mövcuddur?

Xeyr, yoxdur. Əvvəllər olub. Sonra bağlanıb. Amma gələcəkdə ola bilər. Hərdən bir tədbirə gedəndə elə olur ki, normalda getdiyimdən az pul verirlər. Dostdur, nə demək olar? Daha sonra başqa bir dostum deyir ki, “A kişi, sizin min yerdən gəliriniz var. Bu isə bütün gününü sizə sərf edib. Mahnı oxuyub. O adamın pulunun hamısını verin. O sizin kimi iş adamı deyil. Bircə pulunu bu yolla qazanır”. Bu sözlər mənim o qədər xoşuma gəlir ki...

Zamiq Hüseynovun bir aylıq xərci nə qədərdir?

Mən bunu heç vaxt açıqlamaram. Yəni dəyişkən olur. Bu ay çox qazanıramsa, həftəsonları restorana gedə bilərəm. Hətta ailəmi də yanımla apara bilərəm. Ayağımı yorğanıma görə uzadıram. Özümə sərhədlər qoyuram. Ailəm də bunu bilir. Onlar da eynilə mənim kimi edir. Pandemiyada çox az xərcləməklə yedik və gəzdik. 17 ay çalışmadıq. Bizdə iş olmadı. Gizlin tədbirə gedənlər oldu. Amma mən yenə də qorxdum ki, dövlət bunu qadağan edibsə, getsəm, yaxşı olmaz. 17 ay biz evdə oturub gözlədik ki, nə vaxtsa nəsə olacaq. Onda ağıllandım. Mən yoxsulluğu da görmüşəm. Bir dostum var idi. Dollar düşəndə dedi ki, “Qoy varlılar bundan qorxsun. Biz pendir-çörək də görmüşük. O vəziyyətə düşsək, yenə də yaşayarıq”.

Son zamanlar tıxac dərdi ölkəmizdə onun aktual mövzuya çevrilməsinə səbəb olub. Bizə maraqlıdır. Zamiq Hüseynov da bu problemlə tez-tez üzləşir? Sonuncu dəfə nə qədər tıxacda qalmısınız?

Tıxacda saatlarla qalmışam. Bakıda avtomobili yaxşı idarə edə bilməyən insanlar çoxdur. Onlar məni əsəbiləşdirirlər. Hamı tələsir. Əslində xətlə düz getsək, ünvana daha tez çatarıq. Amma yolda ziq-zaq gedirlər. Türkiyədə, Avropada tıxacda gəlib elə yola girsən, səni söyərlər, amma bizdə bu hörmət əlaməti hesab edilir. Bahalı maşın gələndə ona yol verirlər. O da siqnalı basıb təşəkkür edir. Sən bəyəm digər insanlardan artıqsan? Kənardan gəlib yola girənləri cəzalandırsalar, çox yaxşı olar. Tıxac da yaranmaz.

Zöhrə Pənahi
BAKU.WS