SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusunun Ukrayna ərazisində apardığı hərbi əməliyyatlar artıq 36 gündür ki, davam edir.

BAKU.WS xəbər verir ki, hazırda xüsusən ölkənin şərq və mərkəzi hissəsində yerləşən vilayətlərində intensiv hərbi əməliyyatlar davam edir.

Ukraynanın Vinnitsa şəhərində yaşamış “YUNA-2021” musiqi mükafatının laureatı, estrada müğənnisi və bəstəkar Lidiya Skorubskaya Media.Az-a açıqlamasında Ukrayna ordusunun ehtiyacları üçün gülləkeçirməz zirehli gödəkçələrin tikişi üzrə sexi necə ərsəyə gətirdiklərindən danışıb.

O qeyd edib ki, hələ Vinnitsada olarkən komandası ilə birgə boş oturmamaq və orduya bacardıqları yardımı etmək barədə qərar qəbul ediblər:

“Biz gücümüzü hansı istiqamət üzrə yönəldəcəyimizi düşündük və elə alındı ki, yerli istedadlı uşaqlar - dizayner Dima Çerneqa, fotoqraf Evgeni Çernetski ilə görüşdük və bir-birimizə faydalı ola biləcəyimizə qərar verdik. Artıq o zaman dostlarımız zirehli gödəkçələrin tikişinə başlamışdılar, lakin onların kifayət qədər resursu, yeri, tikiş maşınları və əlavə köməkçiləri yox idi”.

Lidiya Skorubskaya qeyd edib ki, onlar sadalanan məsələlərin həllinə nail ola biliblər.

“Əvvəllər istehsalla məşğul olmuş və bizimlə tanışlığı olmayan şəxslər bizə yer, parçalar və lazımi avadanlıqlar təqdim etdilər. Biz hazırladığımız gülləkeçirməz zirehli gödəkçələri cəbhəyə tamamilə pulsuz göndəririk. Biz səhər saatlarından etibarən axşam saat 17:30-a qədər böyük həvəslə çalışırıq ki, ölkəmiz Rusiya Federasiyası ilə bu müharibədə qalib gəlsin və əsgərlərimiz bütün lazımi sursatla təmin olunsun.

Hazırda analar və uşaqlar təhlükəli ərazilərdən təxliyyə olunur, ərləri isə cəbhədə qalıb vətənimizi müdafiə edir, çünki başqa cür ola da bilməz. Çox adam könüllü olaraq müharibəyə gedir, mülki müdafiə birliklərinə qoşulur. Bütün bu adamların dəstəyimizə və müdafiəmizə ehtiyacı var. Hazırda Ukraynanın nə qədər milli birlik halında olduğunu heç təsəvvürünüzə belə gətirə bilməzsiniz.

Müxtəlif ölkələrdən olan insanlar nəqliyyat xidmətləri göstərməkdə, ehtiyacımızın olduğu vəsaiti tapmaqda bizə kömək edirlər. Mən heç vaxt belə birlik hiss etməmişəm. Mən başa düşürəm ki, indi Ukrayna daha heç vaxt əvvəlki kimi olmayacaq. Biz bir-birimizin arxasında dağ kimi dayanacağıq, çünki indi artıq biz, təəssüf ki, müharibənin nə olduğunu bilirik və arzu edirik ki, bir də heç kim bu dəhşətli günləri yaşamasın”, – deyə Lidiya Skorubskaya vurğulayıb.

BAKU.WS
QALEREYA