SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün əvvəl İmişli rayonunda atalığı tərəfindan cinsi zorakılığa məruz qalan və uşaq dünyaya gətirən 11 yaşlı qızın xəbəri mətbuatın gündəmini zəbt edib. Onun başına gələn dəhşətli hadisə sosial şəbəkələrdə geniş müzakirələr yaradaraq qınaq obyektinə çevrilib.

BAKU.WS xəbər verir ki, bəzi azərbaycanlı məşhurlar da bu vəhşiliyə səssiz qala bilməyib. Onlar sosial şəbəkələrdə müxtəlif statuslar yazaraq buna etiraz ediblər.

Xalq artisti Flora Kərimova da belə məşhurlardandır. O, instaqram hesabında paylaşım edərək 11 yaşlı uşağa qarşı bu hərəkəti edən şəxsin cəsədinin belə torpağa haram olduğunu qeyd edib:

"Bu nə faciədir, millət yaşayır? Bəli, millətimin faciəsidir. Axı nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq... Savadsız, valideyn tərbiyəsi görməyən, adını "kişi" qoyub insanlığı belə olmayan kütləni kim maarifləndirəcək? İldən-ilə xərçəng xəstəliyi kimi yayılır. Biri səkkiz aylıq hamilə qadınını uşağını yatızdırdığı yerdə bıçaqlayır. Buna insan demək olar? Buna vətəndaş demək olar? Bunun kimilərini ömürlük həbsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır!

İndi də bu körpə… Bəs olmadımı evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın? Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan? Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır. Millətim millət olmaz bu binamusluğu sənə keçsə... Sənin müdafiəni vicdanı olan vəkil götürməz... Uşaq ömürlük mənəvi və fiziki şikəstdir. Hələ ki, fərqində deyil, anlamır nə baş verdiyini...

Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu? Sən bilmədin qadın kimi ümumən hamiləlik necə olur? Sən ana-bala fərqində olmayan azğın it kimi yaşadın. Halbuki ana it belə balasını bir vaxta kimi ağzında daşıyır. Söz tapmıram… Bu, faciənin görünən tərəfidir.

Görünməyən tərəfi odur ki, nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir. Başıqapazlı yaşamaq təbiətləridir, demək ki... Rayonda, adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin "mənsəb" din deyil, əskiklikdir!

Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü - "evimi satıb ərimi xilas edəcəm! Onsuz da hər şeyi pulla almaq olur" deyən "qadın-ana" yetişdirdiyi övlad nə olacaq? Nə vətəndaş olacaq sənin südünü əmən? Artıq sənə cəhənnəm olan bu dünyada axirətindəki cəhənnəmini qazanmısan.

Bu hələ bizim bildiyimizdir! İctimailəşən faciələrdədir. Nə qədər faciələr fitvalara qurban edilib, "halaldır" deyib ört-basdır edilib".

BAKU.WS