Elnur Məmmədli toyunda “Cəngi” oynadı

Elnur Məmmədli toyunda “Cəngi” oynadı
Шоу-бизнес 107
2008-ci il Pekin yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elnur Məmmədlinin aprelin 3-də “Ma Donna” şadlıq evində toy mərasimi keçirilib. Toyda qonaq qismində iştirak edənlərdən birinin Lent.az-a verdiyi məlumata görə, mərasimə 550 nəfər qatılıb. Onların arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalov, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abiyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidenti, Səbail rayonunun icra başçısı Asif Əskərov, millət vəkilləri Fəttah Heydərov, Fuad Muradov, Ülvi Quliyev, cüdo yığmamızın baş məşqçisi Ağayar Axundzadə və komanda üzvləri, olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev, Zemfira Meftahəddinova, Fərid Mansurov, olimpiya mükafatçıları Rövşən Bayramov, İradə Aşumova, aktyorlar Rafael İskəndərov və Coşqun Rəhimov, “Planet parni iz Baku” teatrının üzvləri və digər tanınmışlar olub. Məclisi Nəsib Nur aparıb. Toyda müğənni Zamiq sonadək oxuyub. Xalq artisti Faiq Ağayev, əməkdar artistlər İlqar Muradov, Ədalət Şükürov, Gülüstan Əliyeva və digərləri də mahnılarını səsləndiriblər. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Elnur Məmmədlidən 2012-ci il London olimpiadasında da qızıl medal gözlədiklərini bildirib. Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki isə Azərbaycan cüdoçusunun toyunda iştirakının təsadüfi olmadığını söyləyib: “Cüdo Yaponiyanın milli idman növüdür. Amma Elnur Məmmədlinin Pekin olimpiadasındakı parlaq çıxışını izlədikdən sonra cüdonun Azərbaycanda da yüksək səviyyəli inkişafının şahidi oldum və bu idmançının fanatına çevrildim. Şəxsən mən Elnurun olimpiya çempionluğuna ürəkdən sevindim”. Tədbirin ən maraqlı hissəsi Elnur Məmmədli ilə cüdo üzrə digər olimpiya çempionu Nazim Hüseynovun birgə “Cəngi” sədaları altında rəqs etməsi olub. Toy gecə saat 1-dək davam etsə də, heç kim məclisi erkən tərk etməyib. Qeyd edək ki, Elnur Məmmədli toyuna xüsusi hazırlıq görüb. Sarayın foyesində Elnur Məmmədli və həyat yoldaşının böyük ölçüdə şəkli diqqəti cəlb edib. Pilləkənlərin kənarlarına isə şamlar düzülüb. Zalın özü qeyri-adi dekorasiya ilə bəzədilib. Toy vaxtı cüdoçumuzun Pekin olimpiadasındakı çıxışlarından videosüjet də nümayiş etdirilib. Elşən Məmmədov
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости