Brilliant Dadaşova: "Paxıllara qarşı immunitet məndə çoxdan yaranıb"
10
сен
2010
21:15
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
283873103_1198305209_briliant-dadasho.jpg|--> Xalq artisti Brilliant Dadaşovanın "Aysel" jurnalına müsahibəsi:-Bu ayın 15-i ad gününüzdür, təbrik edirik. Ötən il doğum gününüzü Türkiyədə keçirdiniz, bəs bu il nə planlaşdırırsınız?-Düzdür, keçən il studiya işlərilə əlaqədar ad günüm ərəfəsində Türkiyədə idim. Qismət elə gətirib ki, bir neçə dəfə ad günümü səhnədə, ya studiyada və yaxud el şənliyində keçirməli olmuşam. Mən təsəvvür etmirəm ki, nə vaxtsa təmtəraqlı ad günü keçirim, oturum yuxarı başda, qonaqları çağırım məni tərifləsinlər və s. Bu mənim xasiyyətimə ziddir. Bəlkə bu elə özü də mənə Qız bürcünün verdiyi təvazökarlıqdan irəli gəlir. -Müsahibələrinizin birində söyləmişdiniz ki, çox bəyəndiyiniz bir saatı qiyməti baha (15 min dollar) olduğundan almamısınız. Maraqlıdır, istəklərinizdən rahatlıqla vaz keçə bilirsiniz? -Məhz Qız bürcündən olduğum üçün hər şeyi analiz edib nəticəsini görürəm. Sabahkı günü düşünüb hərəkət etdiyim üçün bəzi istəklərimdən imtina etməli oluram. Məsələn, bir neçə ildir bağımıza hovuz tikdirmək istəyirdik. Çünki idman edəndən sonra hovuzda üzmək çox gözəldir. Ustalar hovuzun 30 minə başa gələcəyini dedilər, mən də düşündüm ki, 30 minin 30 dərdi var. Ona görə də bağımıza parçadan hazırlanan hovuz aldıq, min manat xərcimiz çıxdı. Çox böyük olmasa da, o baş, bu başa üzməyə mənə bəs edir. -Bəs nədən vaz keçə bilməzsiniz? -Səhnə geyim və aksesuarlarından. Mən asket (tərki-düya- red.) deyiləm. İlham mənbələrimdən biri də geyimdir. -Astrologiyada Qız bürcünün mənfi xüsusiyyətləri arasında - xırdaçı, özündənrazı, xəsis, deyingən, vəzipərəst - göstərilir. Bunların hansı ilə razılaşır, hansı ilə razılaşmırsınız?-Düzdür, peşəkar astroloqlar belə deyirlər. Amma şəxsən mənim deyinməyə vaxtım və həvəsim yoxdur. Musiqidə xırdaçıyam, çünki hər bir not, milizma, harmoniya, mənim üçün əhəmiyyət kəsb edir. Özümdən də razı olub- olmadığımı tamaşaçı çox gözəl bilir. Xəsisliyə gələndə, müdrik insanlar deyiblər: «Kasıblığın bitdiyi yerdə, xəsislik başlar». Deməli, mənim xəsis olmağıma hələ çox var. -Bürcünüzün müsbət cəhətləri isə - səmimi, ağıllı, dəqiq, məntiqli, səliqəli, cəlbedici, zövqlü olmanızdır. Bu sıraya nəyisə əlavə etmək istərdiniz? -Sözsüz ki, hər bir insanın yaxşı və xoşagəlməz cəhətləri var. Mən yaxşı insanlardan olmağa çalışıram. Bir də çox şükür ki, buna əlavə olaraq gözəl yumor hissinə malikəm. Hətta xalqımızın sevimlisi Murad Dadaşovla biz görüşəndə o, həmişə mənim zarafatlarımdan bəhs edir. Ölməz şairimiz Mikayıl Müşfiq demişkən: Yazıq o şəxsə ki, qaraqabaqdır, Nə gözəl yaraşır insana gülmək. -Qız bürcündən olan insanlarla münasibətiniz necə alınır? -Mənim Qız bürcündən olan çox dəyərli dostlarım var. Onlardan ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev, gözəl və ağıllı, jurnalistikada özünəməxsus dəst-xəttilə, orijinal fikirlərilə fərqlənən Sevil Nuriyeva, sevimli və istedadlı müğənni Abbas Bağırov. Onlar mənim üçün çox əzizdirlər. Dünya tanınmışları arasında isə Üzeyir Hacıbəyov, Maykl Cekson, Sofi Loren də Qız bürcündə dünyaya gəliblər. Onu da qeyd edim ki, Sofi Lorenin səhnədə olmasının 50 illiyi keçiriləndə ona sual verdilər ki, siz 50 ildir səhnədəsiniz, amma az qala 20 yaşlı qızlara bənzəyirsiniz. O da cavab verdi ki, mən Qız bürcündən olduğum üçün heç vaxt qadınlaşmayacağam, elə həmişə qızlara bənzəyəcəyəm. Sofi Lorenin cavabı mənim çox xoşuma gəlmişdi.-Bəlkə xanımlarımıza gözəllik sirlərinizdən bəzisini açıqlayasınız. -Nə sirr ola bilər. Gözəllik ilk növbədə insanın qəlbində olmalıdır. Əlbəttə, zahiri görünüş üçün heç olmazsa, bir az idmanla məşğul olmaq, bir az yeməyə fikir vermək. Mən əsl qarınquluyam. Amma nəfsimi saxlamağı bacarıram. Yeməyi kim sevmir ki?..-Bir az da geyim üslubunuzdan bəhs edin - hansı rəngləri, hansı geyimi daha çox sevirsiniz? -Hələ bizdə modelyerlər yenicə fəaliyyətə başlayanda ilk konsertimə səhnə paltarımı Lalə xanımın «Qalateya» firması tikmişdi. Sonra uzun müddət Fəxriyyə Xələfovayla, paralel olaraq «CAGTEKS»də Gülnarə xanımla işlədik. Tamaşaçı mənim zövqümdən heç zaman şikayətlənməyib. Hesab edirəm ki, gücüm və maddi imkanım çatan qədər tamaşçının həm ruhunu, həm gözünü oxşamağa çalışıram. -Dəbdən düşən geyimlərinizi nə edirsiniz? -Saxlayıram, çünki dəb bir müddətdən sonra qayıdır. Həm də demişəm ki, öləndən sonra mənim üçün bir guşə düzəltsinlər. Amma ölümsüz olacağıma da inanıram. Yaxınlarda buna əmin oldum. Bağda Məmmədbağır Bağırzadənin diskinə qulaq asırdım, səsində gözəl xırdalıq elədiyini eşitdim. Özümdən asılı olmadan «Sağ ol, Məmmədbağır» dedim. Sonra fikirləşdim ki, axı o, rəhmətə gedib. Amma anladım, o ölməyib. Bu dünyada nəyi bilməsəm də musiqini yaxşı bilirəm. Bir az da özümü tərifləsəm, dünya dağılmaz ki, canım (gülür - red.). -Dost çevrəniz çox müxtəlifdir, açıqlamasanız da onların arasında siyasətçilər də az deyil. Dostlarınızı hansı kriterilərə görə dəyərləndirirsiniz?-Əlbəttə ki, dünyagörüşü və intellektinə görə. Sevimli xalq şairimiz Rəfiq Zəka rəhmətə getməmişdən biz onunla saatlarla telefonda söhbət edərdik, tarixdən, dünyada baş verənlərdən, fani dünyanın haqsızlıqlarından, təbabətdən, musiqidən. Yəni hərtərəfli söhbətimiz tuturdu. Belə dostlarım çoxdur. Allah onlara cansağlığı versin. -Problemlərinizi dostlarınızla bölüşürsünüz? -Yox, onları məyus etməyi xoşlamıram. Elə problemlərim var ki, məsələn, hovuz kimi (gülür - red.) onlar barədə danışıram. Amma övladımı xaricə oxumağa yola salanda o qədər problem yaşadım, amma heç kimə bildirmədim. Birincisi, ruhən sarsıldım. Çünki onun üçün çox darıxırdım. Çox yedim, kökəldim, maddi baxımdan çətinliklərim oldu. Heç bacılarıma da bu haqda demədim. Mən insanları sevindirməyi xoşlayıram, məyus etməyi yox. -«Gözəllik dünyanı xilas edəcək» adlı verilişin 5 il aparıcısı oldunuz. Aparıcı kimi fəaliyyətinizə niyə son qoydunuz?-Mən beş il təmənnasız bu verilişin aparıcısı oldum. Proqramın adı da öz ideyam idi. Əlbəttə, yazıçı Dostoyevskiyə istinadən. Dünyada belə bir təcrübə yoxdur ki, müğənni heç bir qonorar almadan proqram aparsın və bu 5 il proqramın reytinqi rekord vuraraq davam etsin. Bu dəfə sponsor olsa, veriliş aparmağa razı olaram. Çünki musiqiçilər və başqa xərclər olduğuna görə gəlir olmadan proqram aparmaq çətindir. Ətrafınızda baş verən neqativ hadisələr sizi ruhdan salır, ya daha da inkişaf etməyinizə səbəb olur? Ətrafımda heç bir neqativ hadisə baş vermir, çox şükür. Gözü götürməyənlərə, paxıllara qarşı isə immunitet məndə çoxdan yaranıb. Melomanlar, yaxşı musiqini dəyərləndirən dinləyici kütləsi qılınc-qalxan kimi məni qoruyur və ayağımın altında çox möhkəm zəmin yaradır. Bunun üçün mən bu ad günümdə də musiqi ilə qəlbi döyünən incə zövqlü dinləyicilərə məhəbbətimi, ehtiramımı və dərin minnətdarlığımı bildirmək istəyirəm.
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...