İlahə Şıxlinskaya: “Bir-birimizi xoşbəxt edə bilmədik”

İlahə Şıxlinskaya: “Bir-birimizi xoşbəxt edə bilmədik”
Шоу-бизнес 2240
104 FM “Space” radionun baş prodüseri olan İlahə Şıxlinskaya ilə səmimi söhbəti... - Bu illər ərzində bir çox radio stansiyalarda işləmisən, bir çox uğurlar əldə etmisən. Bəs səncə, ən böyük uğurun hansıdır? - Hər radiostansiya mənim həyatımda xüsusi yer tutur, hər biri mənə əzizdir. Orada işləyərkən təcrübə yığdım, yaxşı dostlar qazandım. Amma “Space” lap doğma oldu mənə. Əvvəla, heç olmasa ona görə ki, mən artıq doqquz ildir ki, orada çalışıram və bu o deməkdir ki, ora mənim məskənimdir. Əhməd müəllimlə birlikdə bu radionun əsasını qoymuşuq. Gülnar Muradova ilə apardığım "Qırmızı onluğ"un da fantastik uğuru “Space”də baş tutdu. Artıq dinləyicilər də 104 FM-i mənsiz təsəvvür etmirlər (gülür). Dəfələrlə bu haqda deyirlər. Bu da mənə çox xoşdur. Ən böyük uğurum dinləyicilərimdir. Tam səmimi deyirəm. Onların mənə zəng etməsi, məni realda və Facebook-da axtarmaları, məndən məsləhət istəmələri, səsimi küçədə tanımaları, ünvanıma xoş sözlər deyilməsi, mənsiz darıxmaqları - bundan gözəl uğur ola bilərmi? Hər bir dinləyiciyə təşəkkürümü bildirirəm!- Nə vaxtsa sənətini dəyişmək ehtimalı varmı? - Ola bilər. Həyatda hər şey olur. Mən yeniliklərdən çəkinmirəm və riski sevirəm. Hər şey ola bilər, amma düşünürəm ki, nə vaxtsa işimi dəyişsəm də, kiçik bir radio efiri özüm üçün saxlayaram. Təbii ki, imkan olsa.- Hazırkı yerli radioların səviyyəsi səni qane edirmı? - Desəm ki, qane edir, yalan söyləmiş olaram. Etmir, amma o qədər də pis deyil. Düzdür, bundan da yaxşı ola bilər, necə ki vaxtikən olub, amma yenə də düşünürəm ki, dinləyici bizim yerli radiostansiyalarda özünə nəsə tapa bilər.- Hansı dəyişiklikləri edərdin və nədən etmirsən? - Ooo... ideyalarım çoxdur. Hətta konkret bir radio sxemim də var. Amma buna nail olmaq üçün tam səlahiyyətim və imkanlarım olmalıdır. Ən böyük arzularımdan biri xəyalımda olan radionu Azərbaycanda yaratmaqdır. Təəssüf ki, bu, hələ də xəyal olaraq qalır..- Azərbaycan qadını şəxsi həyat və karyeranı bahəm yürüdə bilərmi? - Təbii ki, çətin olsa da alınır. Təki istək olsun. Azərbaycanda kifayət qədər belə, yəni hər sahədə uğurlu qadınlar var.- Nakam məhəbbət yaşamısanmı? - Şükür Allaha ki, yaşamamışam. Ümumiyyətlə, mən konkret insanam, hisslərdə də həmçinin. Xəyallarda olan məhəbbət mənə ziddir.- Ailənin dağılmasına səbəb nə oldu? - Bizim tam fərqli insanlar olmağımız. Həddindən artıq müxtəlif insanlarıq. Həyata baxışımız, həyat tərzi, prinsiplər, asudə vaxtın keçirilməsi – qətiyyən üst-üstə düşmürdü. Deyə bilmərəm ki, kimsə konkret günahkar idi. Sadəcə, bir-birimizi xoşbəxt edə bilmədik.- Yenidən ailə qurmaq istərdinmi? - Çətin sualdır. Baxır situasiyaya, insana... mən gərək necə birisi ilə rastlaşım ki, yeni həyata başlayım. Yeni bir insana öyrəşmək, onun xasiyyətini qəbul etmək, övladların münasibəti və sairə... çətindir. Amma mən “qətiyyən” sözünü demək olar ki, işlətmirəm, ona görə deyirəm, hər şey ola bilər. Həyatda hər şey olur (gülür). Allah bilən məsləhətdir.- Boşanma kişilərə qarşı inamı öldürürmü? - Bəlkə, kimdəsə belədir, amma mənim inamım ölmədi. Və ümumiyyətlə, boşanma mənim kişilər haqda olan fikrimə heç də pis təsir etmədi. Mənim üçün kişi-qadın anlamı yoxdur. İnsan anlamı var. O, pis də ola bilər, yaxşı da. Fərqi yoxdur kişidir və ya qadın. Feminist qadınların fikri də mənə ziddir. Kişilərsiz həyatı təsəvvür etmək mümkün deyil (gülür). Eyni ilə də qadınlarsız. Biz bir-birimizə lazımıq.- Qızın bunu necə qarşıladı? - Əvvəl, yeniyetmə olarkən çox mənfi qarşıladı. Və elə qızımıza görə, biz ayrılmadıq. Amma böyüdükdən sonra 18 yaşında olarkən özü bizdən xahiş etdi ki, ayrılaq. Çünki artıq həyatı dərk etməyə başlayır və başa düşürdü ki, belə yaşamaq olmaz. Həyat insana bir dəfə verilib və xoşbəxtliyimiz də bizim əlimizdədir.- O, sənin sənət yolunu davam etdirmək istəyirmi? - Qızım mənim hər şeyimdir. Onunla nəfəs alıram. Və onunla ehtiyatla davranıram. İstəyirəm bir insan kimi özünü xoşbəxt hiss etsin, öz yerini tapsın. Amma bununla belə, şəxsiyyəti onda məhv etmək istəmirəm. Yəni məsləhət verə bilərəm, amma son qərarı özü çıxarır. Aysel hazırda İstanbul Dövlət Universitetində fransız dili və ədəbiyyatı bölməsində oxuyur. İstərdim ciddi və normal iş rejimli peşəsi olsun. Bunu zaman göstərəcək. Allah bilən məsləhətdir. Təki halal və ürəyinə yatan qazanc yolu seçsin. Düzdü, mahnı oxumağı çox sevir. Qəşəng səsi və musiqi duyumu var. Hansısa bir rok qrupda oxumağı çox istəyir. İstərdim ona kömək olum. Həm də ümumiyyətlə, hər bir işində...- Bəs bundan belə sevə bilərsənmi? - Yenə də təkrar edirəm, niyə də yox? Həyatda hər şey olur. Ola bilər ki, sevim. Sevgi gözəl hissdir. Düzdü, mən sevgiyə bir az skeptik yanaşıram. Daha çox mənim üçün hörmət önəmlidir. Amma insan sevəndə bütün işləri asanlıqla görür, sanki onun qanadları olur. Qismətdirsə, sevəcəyəm, amma qəliz məsələdir (gülür). Çünki hər adam ürəyimə yol tapa bilməz... Bu, kapriz deyil... Bu artıq həyat təcrübəsidir…Ülviyyə AlovluGün.Az

Последние новости