Bakıda PPX əməkdaşları vətəndaşı dəyənəklə döyərək öldürüblər...

05
янв
2010
22:17
262715369_polis1_539481214.jpg|--> Polislə vətəndaş arasında mübahisə ikincinin ölümü ilə nəticələndi Hadisənin şahidləri Ağa Turabovun polis əməkdaşları tərəfindən dəyənəklə döyülərək öldürüldüyünü bildirir03.01.10 Tarixində Nərimanov rayonu ərazisində polis əməkdaşları ilə mülki şəxs arasında baş vermiş mübahisə ikincinin ölümü ilə nəticələnib. Dünyasını dəyişən şəxs Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yaşayan 55 yaşlı Turabov Ağa Məhəmmədəli oğludur. Şahidlər ANS TV-nin hadisə yerində olmuş çəkiliş qrupuna bildiriblər ki, Ağa Turabovu ərazidə xidmət aparan Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dəyənəklə döyərək öldürüblər. Belə ki, əvvəlcə münaqişə post patrul xidmətinin əməkdaşları ilə Ağa Turabovun oğlu Elsevər Turabov arasında başlanıb. Polis əməkdaşları Elsevər Turabovdan idarə etdiyi avtomobildə qoşduğu musiqinin səsini azaltmağı tələb ediblər. Bundan xəbər tutan Ağa Turabov hadisə yerinə gəlib. «Maşını tərpətmək istəyəndə gəldilər, dava elədilər. Atam gələndə atamı vurdular», - deyə mərhumun oğlu Elsevər Turabov söyləyib. Hadisənin şahidi olmuş Tural Rüstəmov isə ANS-ə bunları deyib: «Biri kişinin boğazından tutdu, o biri isə dubinka ilə belindən vurdu. Kişi özündən getdi. Apardıq həkimə. Həkimə çatanda gördük ki, ölüb». Faktı araşdırmaq üçün hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları gəliblər. Hadisənin baş verdiyi əraziyə və meyitə baxış keçirilib. Meyitin kürək nahiyəsində zorakılıq əlamətləri aşkar edilib. Meyit məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün 5 saylı şəhər xəstəxanasına aparılıb. Ekspertin gecikdiyini görən bir qrup gənc etiraz əlaməti olaraq meyiti yenidən maşına qoyaraq Prezident Aparatının qarşısına aparıblar. Post-patrul xitmətinin əməkdaşları onları dərhal ərazidən uzaqlaşdırıb. Baş verənləri lentə aldığına görə, ANS-in çəkiliş qrupu da Prezident Aparatının əməkdaşları tərəfindən təxminən 1 saata yaxın saxlanılıb. Kaset yoxlanıldıqdan, çəkiliş heyəti adları və soyadları qeyd edildikdən sonra buraxılıb. Bundan sonra Ağa Turabovun cəsədi məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün 1 saylı şəhər xəstəxanasının patoloji anatomiya şöbəsinə gətirilib. Meyit ekspert qrupu tərəfindən yarılaraq müayinə olunub. Mərhumun cəsədi yarılarkən yaxınlarının da iştirakı təmin edilib. Mərhumun qohumlarının verdiyi məlumata görə, ekspert qrupu meyitin üzərindəki xəsarətlərin məhz dəyənəklə törədildiyini bir daha təsdiqləyib. Fakt Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırılır. Nərimanov rayon Polis İdarəsinin rəisi Muradalı Babayev bildirib ki, Elsevər Turabov yol hərəkəti qaydalarını pozduğuna və əmrə tabe olmadığına görə yol polis şöbəsinin əməkdaşları ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşlarını köməyə çağırıblar. Hadisə yerinə gələn polis əməkdaşları ilə Turabovlar arasında mübahisə yaranıb. Nəticədə Elsevər Turabovun atası Ağa Turabov ürək çatışmazlığından dünyasını dəyişib. Bunu rəsmi olaraq məhkəmə-tibbi eksperti də təsdiqləyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov da Ağa Turabovun ürək çatışmazlığı nəticəsində dünyasını dəyişdiyini bildirib. Onun sözlərinə görə, mərhum Ağa Turabov həm oğluna, həm də polis əməkdaşlarına əsəbləşdiyindən ürəyi tutub. Nərimanov rayon prokuroru Dürhəsən İmanovun mövqeyi isə fərqlidir. Prokurorun sözlərinə görə, baş vermiş hadisə ilə əlaqədar məhkəmə-tibbi və digər ekzpertizalar təyin olunub. Ancaq ekzpertizaların rəyi olmadığından fakta hüquqi qiymət hələlik verilməyib. Yəni rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanmayıb. Ölümün dəqiq səbəbi, yəni Ağa Turabovun polis nəfərləri tərəfindən döyülərək öldürülməsi və ya ürək çatışmazlığından dünyasını dəyişməsi təyin olunan ekzpertizaların verəcəyi yekun rəydən sonra məlum olacaq. /ANS TV/
Похожие новости
В Азербайджане мужчина убил своего друга из-за сигареты
Судебное расследование по делу об убийстве 49-летнего Фарзали Бехбудова в Нахчыване раскрыло подробности трагедии, произошедшей между давними друзьями. Как сооб...
