Təhlükəsizlik və şəffaflıq: NEWS.ru IV Şuşa Qlobal Media Forumu barədə
Azərbaycanın Şuşa şəhərində iyulun 13-də IV Qlobal Media Forumu işə başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə NEWS.ru yazıb.
"Təhlükükəsizlik və şəffaflıq: Şuşada Qlobal mediaforum işə başladı" adlı məqaləni oxucuların diqqətinə təqdim edirik.
Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin suallarını cavablandıraraq bir sıra mühüm bəyanatlar səsləndirib. Forum iştirakçıları və ekspertlər isə tədbirin yüksək səviyyədə təşkil olunduğunu və müzakirələrin məzmunlu keçdiyini vurğulayıblar.
Bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu Qarabağda dünyanın 50-dən çox ölkəsindən 160-a yaxın KİV nümayəndəsini, eksperti və rəsmi şəxsi bir araya gətirib.
Forumun açılışını edən Prezident İlham Əliyev üç saat davam edən mətbuat konfransında 30-a yaxın beynəlxalq informasiya agentliyinin və 60-dan çox aparıcı media qurumunun nümayəndələrinin suallarını cavablandırıb.
Əliyev Rusiya ilə münasibətlər barədə nə dedi?
Prezidentin əsas bəyanatlarından biri Azərbaycan-Rusiya münasibətlərinin tam normallaşması ilə bağlı olub. İlham Əliyevin sözlərinə görə, iki ölkə arasında yaranmış çətinliklər artıq geridə qalıb.
"Biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq", - deyə dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, Rusiya ilə münasibətlər təkcə iki ölkə üçün deyil, daha geniş coğrafiya baxımından da əhəmiyyət daşıyır və nəqliyyat, ticarət, humanitar əməkdaşlıq kimi ənənəvi sahələrlə yanaşı, yeni əməkdaşlıq istiqamətlərini də əhatə edir.
Fransa ilə bağlı hansı fikirlər səsləndirildi?
Çıxışın ayrıca hissəsi Fransaya yönələn tənqidlərə həsr olunub. İlham Əliyev bildirib ki, Fransa dənizaşırı ərazilərinin sakinlərinin hüquqlarının pozulması və müstəmləkəçilik məsələlərini gündəmə gətirən Bakı Təşəbbüs Qrupu (BTQ) Paris tərəfindən əsassız ittihamların hədəfinə çevrilib.
"İnsan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir. Bakı Təşəbbüs Qrupu isə bu mövzunu qlobal gündəliyə çıxaran, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır", - deyə Prezident bildirib.
İlham Əliyev qeyd edib ki, Fransanın dənizaşırı əraziləri uzun illər müstəmləkə siyasətindən əziyyət çəkib və Fransa Polineziyasında 200-dən çox nüvə sınağı keçirilib.
"Bunun nəticəsində çox sayda insan zərər çəkib. Çox sayda insan həyatını itirib, sağlamlığına ciddi zərər dəyib. Bakı Təşəbbüs Qrupu isə bu məsələni gündəmə gətirdiyinə görə, təəssüf ki, əsassız olaraq hansısa hibrid müharibə aparmaqda ittiham edilir. Bu, tamamilə ədalətsizdir.", - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, BTQ-nin tədbirlərində iştirak edən şəxslər hətta İsveçrədə saxlanılıb və bəziləri istintaqa cəlb olunublar.
"Bütün bunlar isə insan hüquqlarından danışan, dünyaya demokratiyanın nə olduğunu öyrətməyə çalışan şəxslərin gözü qarşısında baş verir. Bilirsiniz, bumeranq çox təsirli silahdır.", - deyə Prezident əlavə edib.
Azərbaycanın beynəlxalq münasibətlərdə rolu
Prezident İlham Əliyev forumun əsas mövzusu olan etimadı Azərbaycanın beynəlxalq mübahisələrdə vasitəçilik rolunun artması ilə əlaqələndirib.
"Biz həmişə bacardığımız yerdə səmimiyyətlə kömək etmək istəmişik. Bu, bir növ dövlətimizin davranış xəttidir və kifayət qədər dayanıqlı olub. Kömək etmək imkanı varsa, etməliyik. Əgər yoxdursa, yox deməliyik. Bir vaxtlar kömək etmək imkanımız yox idi, amma indi var - həm maddi, həm siyasi və həm də digər formalarda. Buna görə də düşünürəm ki, etibar birinci yerdədir, məxfi məlumatların sızmayacağı və heç bir yerə sızmadığı - hər halda, sızsa belə, bunun bizdən olmayacağı fikridir", - deyə Prezident bildirib.
Onun sözlərinə görə, bütün tərəflərlə dürüst və səmimi münasibətlər Bakıya vasitəçi kimi etimadın formalaşmasında mühüm rol oynayır.
İştirakçılar forumu necə qiymətləndiriblər?
Karib hövzəsində yerləşən Sent-Martin adasındakı "One SXM" təşkilatının katibi Alston Lourens Şuşaya ilk dəfə gəldiyini və forumdakı açıq müzakirə mühitindən təsirləndiyini bildirib.
"Qlobal Media Forumunda müzakirə olunan mövzular Azərbaycanın dünya ictimaiyyətinə təqdim etdiyi baxışlarla tam üst-üstə düşür. Burada müstəmləkəçilik, zorakılıq yaşamış və ya əsas media məkanında eşidilməyən fərqli baxışlara malik insanlar bir araya gəlirlər", - deyə o bildirib.
Lourens Azərbaycanın və forumun atmosferindən böyük təəssürat aldığını da vurğulayıb.
"Bakı gözəldir, Şuşa gözəldir. Hazırda olduğumuz məkan heyrətamizdir. Azərbaycan dünyanın müxtəlif ölkələrindən insanları buraya dəvət etməklə böyük iş görür. Mən hesab edirəm ki, bura dünyanın ən təhlükəsiz yerlərindən biridir. Bir çox ölkələrdə sərbəst müzakirə etmək mümkün olmayan mövzular var. Burada isə xüsusi atmosfer və güclü ruh hiss olunur", - deyə o qeyd edib.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov da forumun təşkilini yüksək qiymətləndirib.
"Forumun təşkili ildən-ilə daha da təkmilləşir. Tədbir yeni məzmun qazanır", - deyə o bildirib.
Naumovun sözlərinə görə, forumun əsas üstünlüklərindən biri müxtəlif ölkələrin nümayəndələrinin qeyri-rəsmi ünsiyyət imkanları əldə etməsidir.
"Azərbaycan müasir münaqişələrdə qarşı duran tərəflərin nümayəndələrinin tam formatda görüşə bildiyi azsaylı ölkələrdən biridir. Buradakı müzakirələr digər tərəfin mövqeyini anlamaq və siyasətin formalaşdırılması baxımından faydalıdır", - deyə ekspert bildirib.
O, həmçinin Prezident İlham Əliyevin jurnalistlərlə ünsiyyət formatına diqqət çəkərək qeyd edib ki, suallar əvvəlcədən razılaşdırılmayıb.
"Sualların əvvəlcədən təqdim edilməməsi mənim üçün sürpriz oldu. Adətən protokol xidməti rəhbəri bütün mümkün suallara hazırlamaq istəyir. Burada isə belə olmadı və bu, həqiqətən hörmətə layiqdir", - deyə Naumov bildirib.
Ekspert hesab edir ki, Moskva ilə Bakı arasında dialoq xüsusi əhəmiyyət daşıyır.
"Dünyadakı qeyri-sabitliyi və Rusiyanın Cənubi Qafqazın sülh və sabitlik regionu olaraq qalmasında maraqlı olduğunu nəzərə alsaq, bu dialoq olduqca vacibdir. Rusiya Qərbdən kənar ticarət marşrutlarının qorunmasında maraqlıdır və ümumilikdə sülhün bərqərar olmasını dəstəkləyir. Prezident Putin də bu barədə danışmışdı", - deyə Naumov vurğulayıb.
"Beləliklə, forum həm təşkilatçılığı, həm də məzmunu baxımından yüksək səviyyədədir və onun əsas gücü də məhz bundadır", - deyə o yekunlaşdırıb.
Oxşar xəbərlər
Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür
Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür. BAKU.WS xəbər verir ki, onların hər ikisi hərbçi peşəsini...