“Azərbaycan Dəmiryolları” ASC-nin keçmiş rəhbəri və nəqliyyat nazirinin (Ziya Məmmədov erası) keçmiş müavini olmuş Arif Əsgərovun milyonlarla dollarlıq dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş baldızı oğlundan hələ də xəbər yoxdur.

Virtualaz.org artıq bir həftəyə yaxındır yoxa çıxan Rahib Hüseynovun taleyinə aydınlıq gətirmək üçün hüquq-mühafizə orqanları və təqsirləndirilənin hüquqlarını müdafiə edən vəkillə əlaqə saxlayıb. Lakin hüquq-mühafizə orqanlarından R.Hüseynovla bağlı heç bir məlumat, şərh almaq mümkün olmayıb. Vəkil isə müdafiə etdiyi şəxsin taleyi, harada olduğu haqda məlumatlı deyil.

Xatırladaq ki, Rahib Hüseynov 4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunur. İttihama əsasən o, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirib dəyərindən dəfələrlə baha qiymətə satmaq, nəticədə yaxşı pul qazanmaq adı ilə aldadıb. Zərərçəkənlərdən biri Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun adı isə şahid qismində keçir. Təqsirləndirilən şəxslər deyirlər ki, əslində bu dələduzluq sxemini Arif Əsgərovun oğlu qurub, amma sonda təqsiri onların üzərinə atmağa nail olub, özü isə şahid statusunda yaxasını kənara çəkə bilib.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş R.Hüseynov da ittihamları qəbul etmirdi. Noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında o, iştirak etməyib. Buna görə də məhkəmə Hüseynovun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

R.Hüseynovun valideyinləri Arif Əsgərovun malikanəsinin qarşısına gedərək övladlarının taleyinə aydınlıq gətirilməsini xahiş ediblər. Amma onlara qapını açan olmayıb. Milyonlarla manatlıq dələduzluq işinə görə Arif Əsgərov və qohumları arasında hazırda düşmənçilik hökm sürür. O cümlədən onun arvadı öz bacısı ilə düşmən kəsilib. R.Hüseynovun anası göz yaşları ilə deyib ki, oğlu böyrək xəstəsidir və müalicə olunurdu, məhkəmədən yayınmaq fikrində deyildi. Ona görə də onun ya oğurlandığından, ya da öldürüldüyündən narahatdırlar.

Məhkəmə istintaqı altında olduğuna görə R.Hüseynovun leqal yollarla Azərbaycanı tərk etməsi mümkün deyil. Deməli o sağdırsa Azərbaycanın daxilində gizlənir. Hüseynovun barəsində axtarışın elan olunduğu haqda məlumat yoxdur.

R.Hüseynovun vəkili Sevil Hacıyeva ilə əlaqə saxlayıb. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin taleyi ilə bağlı o da məlumatlı deyil və R.Hüseynovla əlaqəsi kəsilib. O cümlədən valideyinləri Hüseynovun aqibəti barədə hansısa yeni məlumat çatdırmayıblar.

BAKU.WS