SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Aprelin 19-da Ali Məhkəmədə ANS-in fəaliyyətinin dayandırılması ilə bağlı  kassasiya şikayətinə baxılıb.
BAKU.WS "Bizimyol"a istinad'n 18 iyul 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilib, həmçinin "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb və lisenziyanın qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət edilib. 29 iyulda Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda müraciətə baxılıb və təmin olunaraq telekanalın lisenziyası ləğv edilib. Hazırkı kassasiya şikayəti MTRŞ-nin "bir aylıq dayandırma" qərarından və ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı məhkəməyə müraciətlərin aşağı instansiyalarda təmin edilməməsi ilə bağlıdır. 

Prosesdə ANS-in nümayəndəsi Sevda Məhərrəmova deyib ki, Teleradio Şurasının hansısa telekanalın yayımını özbaşına dayandırmaq səlahiyyəti yox idi. Onun sözlərinə görə, aşağı instansiya məhkəmələri də bu məsələ ilə əlaqədar qərar çıxararkən qanunları düzgün tətbiq etməyiblər. Bu əsasla da Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını məhkəmədən xahiş edib. 

"ANS ÇM" radiosu ilə bağlı da şikayət üzrə isə ANS-in vəkili Fuad Ağayev çıxış edib. O qeyd edib ki, ANS telekanalının lisenziyasının ləğvi üçün göstərilən səbəb tamamilə qanunsuz olsa da, heç olmasa, MTRŞ qərarında nə isə yazmışdı. "Radio ilə bağlı ümumiyyətlə, ortada heç nə yoxdur. Yazıblar ki, "ANS ÇM" bu qərardan 7-8 ay əvvəl hansısa inzibati xətalara görə cərimələnib. Halbuki o pozuntuların özü də şübhəlidir. Belə çıxır ki, "ANS ÇM" eyni xətaya görə yenidən cəzalandırılır” – deyən vəkil bunun Avropa Konvensiyasının 7-ci maddəsinin pozuntusu olduğunu vurğulayıb. 

Teleradio Şurasının vəkili Toğrul Mirzəzadə ANS-in kassasiya şikayətlərinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin həm telekanal, həm də radio haqda qərarının qüvvədə saxlanılmasını xahiş edib.

Azər Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası şikayətləri təmin etməyib.

Qeyd edək ki, ANS-in bağlanmasına səbəb telekanal əməkdaşının Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə müsahibə götürməsi olub. ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşovanın müsahibəsi efirə getməsə də, MTRŞ telekanalla bağlı qərar qəbul edib. Şura yaydığı açıqlamada kanalın bu addımını terrorizmin təbliği üçün atılan addım hesab etdiyini vurğulayıb.
  
BAKU.WS