SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən “Qisas” antiterror əməliyyatından bir il ötür.

Əməliyyatın siyasi nəticələri haqqında Oxu.Az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı bir neçə dəfə “Qisas” əməliyyatı həyata keçirilib. Onun sözlərinə görə, bu hərbi əməliyyatlar nəticəsində erməni təxribatlarına layiqli cavab verilsə də, regionda separatçı qüvvələrin tör-töküntüləri hələ də mövcuddur:

“Bununla bərabər, Ermənistan ordusunun qalıqları da torpaqlarımızda gizlənirlər. Bu, destruktiv faktordur, təhdiddir. Azərbaycanın təhlükəsizliyinə təhdidlər olduğu təqdirdə “Qisas” əməliyyatlarının keçirilməsi də öz aktuallığını qoruyub saxlayır. Bu, realdır.

Ümid edirik ki, Rusiya sülhməramlıları bu və digər şəkildə məsələni nəzərə alacaqlar və qeyri-qanuni silahlıları tərksilah edəcəklər.

Bütün danışıqlarda bu məsələləri qaldırırıq. Görünən odur ki, Ermənistan və vasitəçilər Azərbaycan tərəfinin tələbinə biganə yanaşırlar, əhəmiyyət vermirlər. Belə davam edə bilməz.

44 günlük müharibədən öncəki siyasi vəziyyət də göstərdi ki, Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edəndən sonra əks əməliyyat hücumlarına başlamaq məcburiyyətində qaldı. İndi də təxminən belə bir vəziyyət yaranır.

Dəfələrlə deyirik, çağırışlar edirik, qanunsuz silahlıların torpaqlarımızdan çıxarılmasını tələb edirik, heç nə dəyişmir. Ona görə, hesab edirəm yeni əks-hücum əməliyyatları qaçılmaz olacaq”.

İlqar Vəlizadə vurğulayıb ki, “Qisas”ın bir də nə zaman təkrarlanacağı, hansı silahlardan və vasitələrdən istifadə ediləcəyi dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin əmri ilə həyata keçiriləcək:

“Vətən müharibəsindən sonra sanki ermənilərdə bir arxayınlıq, xaos yaranmışdı. Onlar elə təsəvvür edirdilər ki, Azərbaycan yenidən silaha əl atmayacaq.

“Qisas” əməliyyatı bunu darmadağın etdi. Ümid edək ki, Ermənistan Azərbaycanın bu anti-terror əməliyyatlarından dərs çıxara biləcək.

Lakin görünən odur ki, ermənilər eyni mövqedən çıxış edirlər, heç nə dəyişməyib. Hətta müharibədən öncəki tezislərini təkrar dilə gətirirlər. Bu ondan xəbər verir ki, ermənilərin məğlubiyyətdən nəticə çıxarmamasına arxayın olmamalıyıq. Tədbirlərimizi görməli, hərbi hazırlığımızı davam etdirməliyik.

Hazırda Böyük Qayıdış prosesinə başlanılıb. Keçmiş məcburi köçkünlər öz torpaqlarına, tamamilə yenidən bərpa olunmuş, inşa edilmiş evlərinə qayıdırlar. Tədricən qeyri-qanuni silahlıların yerləşdiyi regionların ətrafına da insanlarımız qayıdacaqlar.

Onların təhlükəsiz vəziyyətdə yaşayışını təmin etmək mütləqdir. Biz imkan verə bilmərik ki, həmin insanlar bir daha bu münaqişədən öncə olduğu kimi tələyə düşsünlər, başlarına müsibətlər gətirilsin.

Düzdür, o vaxtla indiki Azərbaycan arasında ciddi fərq var, ordumuz güclüdür, bütün təhdidlərin qarşısını ala bilərik və sair. Amma istənilən halda yenə də bu terrorçuların Qarabağda mövcudluğu bizi silahı əlimizdən yerə qoymamağa məcbur edir”.

Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq, 2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədiblər.

Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstəriblər.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Ardınca bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülüb.

“Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.

Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb. Həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

BAKU.WS