SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa İttifaqı (Aİ) ekspertlərinin Ermənistan-Azərbaycan sərhədində fəaliyyəti şübhəli və əsassızdır.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova vurğulayıb ki, Aİ-nin müşahidə missiyası təhlükəsizliyi atəşkəsə əməl olunmasını təmin edə bilmir. O, Avropa İttifaqının (Aİ) ekspertlərinin Ermənistan-Azərbaycan sərhədində fəaliyyətinə şübhə ilə yanaşıb.

“Üstəlik, onlar təhlükəsizliyi və Rusiyanın vasitəçiliyinin həlledici rolu ilə əldə olunan atəşkəs razılaşmalarına əməl olunmasını təmin edə bilmirlər”, - Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda bildirib.

O, Aİ nümayəndələrinin əvvəldən son dərəcə qeyri-şəffaf davrandıqlarını vurğulayıb.

“Aİ-nin Ermənistan ərazisində mövcudluğu Brüsselin ciddi təzyiqi ilə məcburi şəkildə həyata keçirilib. Məqsədinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək olduğu elan edilən missiyanın fəaliyyətə başlaması birtərəfli qaydada, qeyri-konsensual əsasda, Azərbaycan tərəfinin və digər regional oyunçuların razılığı olmadan və müvafiq hesabat verilmədən həyata keçirilib”, - Zaxarova deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, bu, yalnız Aİ-nin regiondakı siyasətinin əsl fonunu təsdiqləyir, Cənubi Qafqazda yaşayan insanların köklü maraqlarına ziyan vurmaqla regionu geosiyasi qarşıdurma meydanına çevirməyə xidmət edir.

Zaxarova hesab edir ki, Aİ-nin Ermənistandakı “müşahidəçiləri” üçün baza mərkəzlərinin sayının artırılmasının Bakı ilə İrəvan arasında münasibətlərdə sabitlik və sülhün bərqərar olması vəzifəsi ilə heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, Aİ missiyasının beynəlxalq ictimaiyyət və ilk növbədə Azərbaycan və Ermənistan qarşısında hesabat verməməsi Aİ-nin fəaliyyətində gizli gündəmin mövcudluğuna dair şübhələri gücləndirir.

BAKU.WS