SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xalq artisti İsmayıl Osmanlının doğum günüdür. Onun anadan olmasından 122 il ötür.

İsmayıl Osman oğlu Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə kasıb ailədə doğulub. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləyir. O mükəmməl təhsil ala bilməsə də, mükəmməl aktyor olmağı bacarıb.

1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv olur. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb.

1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterlərinə görə bir-birindən fərqlənir.

Görkəmli sənətkarın "Azərbaycanfilm"in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.

Tamaşaçılar Xalq artisti İsmayıl Osmanlını “Yeddi oğul istərəm” filmində oynadığı “Kələntər dayı” obrazı ilə yaxşı tanıyır."Kəndlilər" filmində (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan"da (Mahmud), "O olmasın, bu olsun"da (Rza bəy), "Əsl dost"da (Usta Şirəli), "Yenilməz batalyon"da (dərzi Yusif), "Mən ki gözəl deyildim"də (Poçt müdiri Şərif), "26-lar"da (Şahbazov), "Ulduzlar sonmür"də (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi"də (Nəimi), "Yeddi oğul istərəm"də (Kələntər) və sair filmlərdə yaratdığı obrazlar buna misal ola bilər.

“Mən ki gözəl deyiləm” filmindəki poçtalyon Şərif kişi... Sadə, səmimi, insanların dərdinə şərik olmağı bacaran bir insan...

“Dəli Kür” filmində faytonçu Məmmədəli kişi... Yoxsul, mərd, milli xarakterli azərbaycanlı obrazı…

“Nəsimi” filmində böyük hürufi şair Nəimi obrazı… Mübariz, öz əqidəsinə sadiq şəxsiyyət…

Onun "Poçt qutusu" hekayəsinin motivləri əsasında çəkilmiş eyniadlı qısametrajlı filmdə yaratdığı avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və Ukrayna telefilmləri festivalında "Ən yaxşı kişi roluna görə" mükafatına layiq görülüb.

İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülb.

Aktyor 1978-ci il iyunun 22-də 76 yaşında vəfat edib. Onun məzarı Fəxri xiyabandadır.

BAKU.WS