SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün yazıçı, dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olmasının 114-cü ildönümü tamam olur.

Sabir Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il martın 26-da Şəkidə dünyaya gəlib. 1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc olunan felyetonu ədəbiyyat aləminə yeni bir istedadın gəlişindən xəbər verirdi. İllər keçəcək, 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanlarını, “Hicran”, “Ulduz” musiqili komediyalarını yazacaq Sabit Rəhman daha çox səhnəmizin gülüşü və təbəssümü kimi seviləcəkdi.

Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman 1938-ci ildə “Toy” komediyasını yazır.

Sabit Rəhman təkcə nasir, dramaturq kimi yox, qeyri-adi istedadı, fərqli düşüncəsi, cəsarəti ilə kinossenarist kimi də uğur qazandı. Sabit Rəhmanın qələmindən çıxan “Arşın mal alan”, “O olmasın bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərinin ssenarisi təsadüfi deyil ki, kinossenarilərimizin ən gözəl nümunələrindən sayılır.

Sabit Rəhman teatra çox bağlı insan idi. Onun yaradıcılığı aktyorlar üçün yaradıcılıq çeşməsi sayılırdı. Sabit Rəhmanın tamaşalarında Mirzəağa Əliyev, Sidqi Ruhulla, İsmayıl Osmanlı, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Barat Şəkinskaya, Süleyman Ələsgərov kimi qüdrətli sənətkarlar iştirak edirdi. Xalq yazıçısı İlyas Əfəndiyevin təbirincə desək, Sabit Rəhman və Azərbaycan teatrı - bu iki anlayış arasında sıx bir yaxınlıq vardı.

Sabit Rəhman 1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib.

BAKU.WS