SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru Fazil Salayevin doğum günüdür. O yaşasaydı bu gün 92 yaşı tamam olacaqdı.

BAKU.WS xəbər verir ki, Fazil İdris oğlu Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandırlar. Uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan məşhur aktyor dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıb.

Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.

Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur. Teatr İnstitutunu bitirən Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq işinin dəyərləndirilmədiyini görüncə, "Muskomediya"ya üz tutur.

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir.

Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayır. Ardınca "Alma almaya bənzər" filmində Mehdi, "Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" Fazil, "Dərviş Parisi partladır" filmində Qulaməli kimi yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd obrazı isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxarır.

Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla "danışmağın" bənzərsiz nümunəsidir.

Sevilən aktyorun filmoqrafiyası eyni zamanda "Arvadım mənim, uşaqlarım mənim" (film 1978), "Arzu" (film 1972), "Dərviş Parisi partladır" (film 1976), "İyirmialtılar" (film 1966), "Möcüzələr adası" (film 1963), "Ögey ana" (film 1958), "Rəqiblər" (film 1974), "Sən niyə susursan?" (film 1966), "Şərikli çörək" (film 1969), "Şir evdən getdi" (film 1977), "Ulduz" (film, 1964) - rol: Foto müxbir, "Ulduzlar sönmür" (film 1971), "Ürək... Ürək..." (film 1976), "Var olun, qızlar..." (film 1972), "Vulkana doğru" (film 1977), "Yeddi oğul istərəm..." (film 1970) kimi ekran işləri ilə zəngindir.

Bir vaxtlar televiziya ekranlarında gedən "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə çıxış etmişdir.

İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da, oynadığı rolları, gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.

İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq itməyib, sevilə-sevilə baxılır. Çox acı təsadüf oldu ki, sənətkar 1978-ci il iyunun 20-də 46 yaşında kiçik qızı Ofeliyanın doğum günündə həyata vida edib. Fazil Salayev Yasamal qəbiristanlığında dəfn olunub. 

BAKU.WS