SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün məşhur azərbaycanlı kinorejissor, senarist Eldar Quliyevin doğum günüdür.

Eldar Tofiq oğlu Quliyev 1941-ci il yanvarın 18-də Bakıda anadan olub. 1960-1966-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərməyə başlayıb.

Çoxlu sayda bədii və sənədli filmin müəllifi olan rejissorun ilk müstəqil işi "Biri vardı, biri yoxdu…" adlı qısametrajlı filmi olub. 

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. Bu film Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti əsasında lentə alınıb və lirik-psixoloji dram janrındadır. 1969-cu ildə Moskvadan gəlmiş nümayəndə heyətinin və respublika rəhbərliyinin baxışından sonra "Bir cənub şəhərində" filminin yayımı dayandırılır. Səbəb isə filmin müəllifinin Sovet vətəndaşlarına şər atmaqda günahlandırılması olur.

Rejissora uğur gətirən növbəti film 1979-cu ildə lentə aldığı "Babək" filmi olur. Film o illərdə 52 ölkə tərəfindən satın alınıb. Bundan əlavə, rejissor "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" kimi filmlərə quruluş verib. Həmçinin bir neçə filmin senari müəllifi olub. Onun çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb.

1987-ci ildən "Debüt" studiyasının bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü olub.

Senarist 2001-ci il yanvarın 17-də "Şöhrət" ordeni, 14 yanvar 2011-ci ildə "Şərəf" ordeni, 14 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının "Milli kino" mükafatı, 10 may 2018-ci ildə "Qızıl çinar" beynəlxalq mükafatı və 23 yanvar 2021-ci ildə "İstiqlal" ordeni ilə təltif olunub.

Sənətçi 18 yanvar 2021-ci ildə infarkt keçirdikdən sonra bir müddət müalicə alıb və 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Xalq artisti Yasamal qəbiristanlığında, həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

BAKU.WS