SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu il martın 5-də Xırdalan şəhər sakini Tamara Rəsulova Abşeron rayon prokurorluğuna ərizə ilə müraciət edərək oğlu Əli Rəsulovun 2016-cı ildə itkin düşməsini göstərib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, qadının sözlərinə görə, oğlu üçün Quşçuluq massivində fərdi ev alsa da, sonradan əmlakı ələ keçirməkdən ötrü Fuad adlı şəxs Əlini öldürüb və evi ucuz qiymətə satıb.

Araşdırmalar zamanı Əli Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron rayon prokurorluğunda cinayət işi başlanılıb.

DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məktuba əsasən, Əli Rəsulov 2016-cı il yanvarın 1-dən dövlət sərhədini keçməyib. Bakı şəhər sakini, 35 yaşlı Fuad Mustafayevin dələduzluq əməlinə görə 2018-ci ildən həbsdə olması aydınlaşdırılıb.

Aprel ayında 16 saylı cəzaçəkmə müəssisəsində Fuad Mustafayev verdiyi izahatda, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Əli Rəsulovun narkotik vasitə qəbulundan öldüyünü və özünün tutulacağından qorxduğu üçün onu basdırdığını göstərib.

Növbəti dəfə, prokurorluqda dindirilərkən Mustafayev ilk dəfə özünü müdafiə etmək üçün yalan danışdığını, əslində aralarında yaranan mübahisə zamanı tanışını bıçaq zərbələri ilə öldürdüyünü və meyiti hissələrə böldüyünü bildirib.

Təqsirləndirilən şəxsin iştirakı ilə göstərilən əraziyə baxış keçirilib və Əli Rəsulovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Fuad Mustafayev Binəqədi, Suraxanı, Nizami və Səbail rayon Məhkəmələrinin 2006-cı, 2009-cu və 2018-ci il tarixli hökmləri ilə CM-in bir neçə maddəsi ilə müxtəlif müddətli cəzalara məhkum olunub.

İstintaqla müəyyən edilib ki, 2016-cı ilin yanvar ayında Fuad Mustafayev bacısı ilə qonşuluqda Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Xəlil Rza küçəsi dalan 4, ev 2-də tək yaşayan, 1965-ci il təvəllüdlü Əli Rəsulovla tanış olub.

Onun subay olduğunu, anası ilə mübahisə edib, evdən qovduğunu, anası ilə bacısının onunla əlaqə saxlamadıqlarını və narkotik vasitə istifadəçisi olduğunu bilib.

Onu mülkiyyətindəki evini ələ keçirmək məqsədilə öldürmək qərarına gəlib. Niyyətini həyat keçirmək üçün Əli Rəsulovu 2016-cı ilin sentyabr ayında, Ceyran İsrailovadan, şifahi razılaşma əsasında icarəyə götürdüyü Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evinə istirahət etmək adı ilə dəvət edib.

Əlinin narkotik vasitə qəbul etdiyini və planlaşdırdığı cinayəti başa çatdırmaq üçün əlverişli şərait yarandığını görüb.

İstintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq onu qəsdən öldürüb.

Daha sonra Rəsulova məxsus evin açarını götürüb, meyiti sellofan torbaya bükərək evin həyətində, sanitar qovşağın yanında basdırıb.

Bir neçə gündən sonra bağ evini təhvil verməli olduğundan meyitin digər şəxslər tərəfindən aşkar olunacağını düşünüb və törətdiyi cinayəti gizlətmək üçün cəsədi basdırdığı yerdən çıxardıb.

Gizli şəkildə həyətdən aparmaq üçün cəsədi hissələrə bölüb və onları yaxınlıqda, hasara alınmış boş sahədə torpağa basdırıb.

Bundan sonra mərhuma məxsus 80 manat pulu, qızıldan olan protez dişləri, ümumi dəyəri 3.330 manat təşkil edən müxtəlif əşyaları müxtəlif alqı-satqı elan saytlarında yerləşdirməklə ayrı-ayrı vətəndaşlara satıb, pul əldə edib.

Bundan başqa, mərhumun daşınmaz əmlakını özünə məxsus kimi göstərib, evi alqı-satqı elan saytlarında yerləşdirib və adını qəsdən “Vüqar” kimi qeyd edib. Müştəri Tural Mirzəliyevlə görüşüb, 23.000 manata satılmasına dair razılıq əldə edərək 2018-ci il oktyabrın 11-də vəfat etmiş anası Firəngiz Mustafayevaya Əli Rəsulovu öldürüb basdırması, cinayətin izlərinin itirilməsi üçün Rəsulovun evini satmalı olduqları barədə məlumat verib.

Evin dövlət reyestrində qeydiyyatdan keçməməsi səbəbindən onunla Tural Mirzəliyevin arvadı Təbəssüm Zamanova arasında Bakı şəhəri 43 saylı notariat ofisində 8 oktyabr 2016-ci il tarixdə 23.000 manat məbləğində kredit müqaviləsinin bağlaması ilə faktiki olaraq alqı-satqını rəsmiləşdirilməsinə nail olub.

Həmçinin, rəsmi sənəd hesab edilən guya 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, yaşayış yeri Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ev 185 olan Vüqar Mustafayevin adına Binəqədi RPİ tərəfindən 2014-cü il mayın 1-də verilmiş və 2019-cu il martın 2-dək etibarlılıq müddəti olan şəxsiyyət vəsiqəsini və Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Xəlil Rza küçəsi dalan 4, ev 2-yə aid qiymətləndirmə vərəqini qanunsuz olaraq hazırlayıb və bilə-bilə həmin saxta sənədləri Tural Mirzəliyevə təqdim edib.

Aldatma yolu ilə evi ona 22000 manat müqabilində satmaqla zərərçəkmiş şəxsə qarşı dələduzluq edib.

Məhkəmə iclasında Fuad Mustafayev qəsdən adam öldürmə ittihamı ilə özünü təqsirli bilməyib.

Məhkəmə Fuad Mustafayevin CM-in 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.1-ci və 178.2.4–cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Mustafayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS
VİDEO

QALEREYA