Qazax və Ağstafa rayonları ərazisindəki düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.


Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən BAKU.WS-ə bildirilib ki, yanvar ayının əvvəlindən indiyədək DSX Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.


Yanvarın 6-sı saat 15:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı SVD snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb.


Hadisə nəticəsində xəsarət alan olmayıb.


BAKU.WS