SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən Nərmin Quliyeva cinayəti ilə bağlı yayılan səs yazısında adı hallanan Altay Ələkbərov BAKU.WS-in bölgə müxbirinə açıqlama verib.

"Səs yazısını yayan Qabil adlı şəxs Tovuz rayonunun Qazqulu kəndindəndir. Bu şəxs rayon camaatının işə düzəltmək adı ilə pulunu alıb qaçıb və bu gün onun barəsində axtarış elan olunub.

Açıq deyirəm, mənim adımın hallanmasını İlkin Süleymanovun ailəsi təşkil edib. Mən elə düşünürəm. Çünki bu səs yazısı olmamışdan qabaq hüquq mühafizə orqanı əməkdaşları mənə avtomobillə hara getdiyimi, neçə dəqiqəyə getdiyim kimi ifadələr aldılar.

Həmin vaxt kimləri gördüyümü soruşdular. Hadisə yerində mən göstərən zaman İlkinin qardaşı və yaxınları orada olub. Mən izahatımı verdikdən sonra İlkinin qardaşı məndən nə məsələ olduğunu soruşdu. İki gün sonra bu səs yazısı çıxdı.

Hüquq mühafizə orqanı əməkdaşları tək məndən soruşmayıblar, demək olar ki, hər kəsdən maraqlanıblar. Səs yazısı çıxandan sonra mən özüm könüllü şəkildə prokurorluğa getdim və mənə şər atıldığını bildirdim.

Səs yazısında qeyd olunur ki, guya mən kənddə silahlı hərlənirəm,evimin zirzəmisi var. Səs yazısını təşkil edənlərə, bunu yayan şərəfsizlərə sözüm odur ki, mənim azyaşlı balalarım var. Mən onları fəhləliklə saxlayıram. Ay şərəfsizlər, adamın vicdanı olar"

Altay Ələkbərov həmçinin qeyd edib ki, hadisə olan günü, yəni Nərmin Quliyeva itən günü qaynı qıcolma keçirib və o, ailə üzvüləri ilə birlikdə qaynının yanında olub.

"Nərmin itən günü mən qaynanamgildə olmuşam. Ailəmlə birlikdə ora getmişik. Qaynım Nəsir Qarayev anidən qıcolma (sudurqa) keçirib. Mən saatlarla orada olmuşam. Sonradan Nərminin itdiyini evdəkilərdən bilmişəm və atasına zəng edib maraqlanmışam.

Hadisənin ilk vaxtlarında hər bir kənd sakini kimi mənim evim dəfələrlə yoxlanılıb. Sözümün sonu odur ki, ay şərəfsizlər, mənim övladlarım var.

Bu işi kim təşkil edibsə, sakit həyatımı zəhərə döndərməyə çalışıbsa, onları Allaha tapşırıram. Bir də onu deyim. Mən lazım olan bütün məlumatı istintaqa vermişəm, bütün məlumatlar aidiyyətli qurumlarda var".

BAKU.WS