31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişi yayımlanıb. Verilişin qonaqlarından biri milli komandamızın və “Qarabağ” Futbol Klubunun üzvü Mahir Mədətov olub.

M.Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi komandamızın baş məşqçisi və futbolçular arasında olan dialoqu seçmiş və özünəməxsus şəkildə təqdim edib.

BAKU.WS-in məlumatına görə, "Qəbələ" İdman Klubu futbolçunun bu çıxışı ilə bağlı bəyanat yayıb: 

"“Qəbələ” İdman Klubu M.Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir.

Bütün bunları nəzərə alaraq, “Qarabağ” FK-nın gənc futbolçusu haqqında ölçü götürməsini, M.Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və R. Qriqorçukdan üzr istəməsini gözləyirik".

BAKU.WS