SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi keçirilən iclasda zərərçəkmiş şəxs ifadə verib. Mayis Əliyev ifadəsində təqsirləndirilən şəxsi tanıdığını deyib:

"Təqsirləndirilən şəxsi tanıyıram. Mən vəkilliklə yanaşı ictimai birliyin sədriyəm. Buna görə də müxtəlif layihələr həyata keçirirəm. Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstəririk. Belə bir layihələrin birinin icrası zamanı təqsirləndirilən Ceyhun Məmmədov mənə yaxınlaşdı, bacısının işi üçün kömək istədi. Dedi ki, bacısı xalası oğlu ilə evlənib, sonra boşanıb. Aliment almaq istəyirlər. Mən ərizəni hazırladım. Hətta mənə dedi ki, bacım məcburi köçkündür, öz vəsiqəsin ala bilmir. O sənədin pulunu da öz cibimdən ödədim. Mənim ofisimə də gəlib. Ofisim yaşadığım evlə eyni binada yerləşir. Ondan sonra bir neçə dəfə əlaqə saxladı. Bu danışdıqlarım hadisədən 1 il qabaq olub".

Daha sonra zərərçəkmiş M. Əliyev hadisə barədə danışıb: "Hadisə günü yaşadığım binaya yaxınlaşıb, binanın mühafizəsinə Mayıs müəllim məni çağırıb deyib. Mühafizəçi də gətirib mənim evimə. Mən də evdə tək idim. Mühafizəçinin yanında idi deyə qapını açdım. Sonradan bunu tanıdım. Mühafizəçi gördü ki, tanıyıram liftə mindi. Bu girdi içəri. İçəri girən kimi cibindən bıçağı çıxarıb mənə dirədi. Dedi ki, bacımı öldürüb bura gəlmişəm. Sən demə, məni qorxutmaq istəyirmiş. Bıçağı mənə dirəyib mətbəxə apardı. Orda iplə əlimi bağlayıb otağın ortasında kresloda otuzdurdu. Ütünün naqilini kəsib əllərimi bağladı. Sonra hardansa skoç tapıb ağzımı bağladı.

Dedi ki, ölkədən çıxması üçün ondan 8 min manat istəyiblər, mən ona 10 min manat tapmalıyam. Dedi ki, tutulsam, özümü öldürəcəm. Sonra işlətdiyim telefonu çıxarıb üzümə tutdu, telefon açılandan sonra bank proqramında övladlarımın təhsil haqqları üçün yığdığım 8 min manatı gördü. O pulu hissə-hissə öz kartına köçürdü. Sonra gedib paltarlarımın cibini axtardı. Ordan da pul tapdı. Ümumi olaraq 11 min manat götürdü. Mənə dedi ki, təcili getməlidir. Paltarlarımdan da götürdü. Mənim əlim, ayağım və ağzım bağlı idi. Alnımdan öpdü, dedi ki, sən yaxşı adamsan, bağışla. İşarə ilə dedim ki, məni burax. Dedi ki, nömrə ver, 1 saat sonra yığacam, gəlib səni xilas etsinlər. Bir bacımın oğlunun, bir də həmin gün bizə gələcək bir nəfərnin nömrəsini verdim. Çıxıb getdi. Qapını arxadan bağladı, açarı üstündə saxladı. O gedəndən sonra ağzımı açmağa çalışdım. Ağzımı açandan sonra əllərimi açmağa çalışanda gördüm əllərim qaralıb. Ayağımı da açandan sonra pəncərədən küçədən keçən birini çağırdım. O da mühafizəyə deyib. Mühafizə gəlib məni xilas etdi. Gedəndə telefonlarımı gizlətmişdi deyə, mühafizəyə dedim bacım oğlunu yığsın. O gələndən sonra 102-yə məlumat verdi".

Növbəti proses zərərçəkmiş şəxsin ifadəsi ilə davam edəcək.

Məhkəmə mayın 7-nə təxirə salınıb.

Qeyd edək ki, ittihama əsasən, 31 yaşlı Ceyhun Məmmədov Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə evində hücum edib. Bank proqramı vasitəsilə onun 8 min manatını özünə köçürüb. Bundan başqa, nağd pul və digər əşyalarını götürərək evdən qaçıb.

Ceyhun Məmmədov barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin cinayət işi açılıb.

Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Universitetinin professoru, Sosial hüquqların araşdırılması İctimai Birliyinin sədridir.

BAKU.WS