SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İsparta şəhərinin Gökçehüyük kəndində yaşayan 64 yaşlı Emine Tüzün adlı qadın qəribə hadisə ilə üzləşib.

BAKU.WS-in Türkiyə mediasına istinadla məlumatına görə, Emine Tüzünə öz traktoru ilə İstanbulda 6 dəfə körpülərdən, 3 dəfə də avtomobil yolundan ödəniş etmədən keçdiyi iddia edilərək 476 lirə (56 AZN) cərimə kəsilib.

Cərimədə Tüzünün 10 EE 111 nömrəli traktoru ilə ötən ilin oktyabr və noyabr aylarında 15 iyul Şəhidlər körpüsü və Fatih Sultan Mehmet körpüsündən 6 dəfə, İstanbul-Ankara avtomobil yolu ilə Mahmutbey-Edirne avtomobil yolundan isə 3 dəfə ödəniş etməyərək keçdiyi qeyd olunub.

İstanbula 650 kilometr uzaq məsafədə yaşayan Emine Tüzün sözügedən cəzanı gördükdə böyük çaşqınlıq yaşayıb. Mediada sözügedən hadisə ilə bağlı məlumat yayıldıqdan sonra Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Kamera görüntülərindən məlum olub ki, ödəniş etmədən sözügedən yollardan istifadə edən avtomobil 10 EE 111 Azərbaycan qeydiyyat nömrə nişanlı avtomobildir. Həm avtomobilin, həm də traktorun nömrə nişanı eyni olduğundan cərimə səhvən Eminə Tüzünə kəsilib.

Məsələ aydınlaşdırıldıqdan sonra qadına kəsilən cərimə ləğv olunub.

“Qaynarinfo”nun apardığı araşdırma nəticəsində məlum olub ki, əvvəllər 10 EE 111 dövlət nömrə nişanı “Rang Rover” markalı avtomobildə olub. Hazırda isə sözügedən dövlət nömrə nişanı “BMW 430” markalı avtomobildə istifadə edilir. Nəqliyyat vasitəsi Binəqədi rayon sakini Eldəniz adlı şəxsə məxsusdur.

İlkin ehtimala görə, 10 EE 111 nömrəli avtomobil Türkiyənin İstanbul şəhərində olarkən yol-hərəkət qaydalarını pozduğu üçün cərimə edilib. Maşın hazırda Bakıda olduğundan cərimələr eyni nömrə nişanlı traktor sürücüsünə göndərilib.

BAKU.WS
QALEREYA