SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İyulun 12-də axşama doğru "Azərbaycan" nəşriyyatının yanında maraqlı dələduzluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu məsələni hadisənin şahidi olmuş şəxs ictimailəşdirib.

Onun sözlərinə görə, nəşriyyatın yanında, öz avtomobilində oturub dostunu gözləyərkən bu hadisənin şahidi olub:

"...Birdən yolun əks tərəfində, yəni nəşriyyat tərəfdə diqqətimi 50-55 yaşlarında bir dayı cəlb elədi. O, avtobus dayanacağının yanında artıq 10-15 dəqiqə idi ki, dayanmışdı, amma gəlib keçən avtobusların heç birinə minmirdi. Əvvəlcə o, dayanacağın qarşısında sakit durmuşdu. Sonra isə israrla guya yolu keçmək məqsədilə avtobusun qarşısından işıqforda dayanmış və yerindən tərpənən avtomobilin qabağından yolun hərəkət hissəsinə keçməyə cəhd etməyə başladı. Əvvəlcə mən kişinin niyyətini anlamadım. Lakin onu "Hyundai Sonata" "vuran" vaxt, daha doğrusu, buferi ilə omba hissəsinə toxunan zaman o, "qıvrılaraq və ağrıdan ölərək" əzabkeş rolunu oynağa başladı.

Bu an, nəşriyyata nisbətdə yolun əks tərəfindən biri 30-32, digəri isə 45 yaşında olan iki qadın onlara doğru guya kömək məqsədilə hay-küylə qaçaraq yaxınlaşdı.

"Sonata"nın hürkmüş sürücüsü avtomobilinin salonunda tək idi və dərhal çıxıb kişini sərnişin yerinə otuzdurdu və anladığım qədər "zərərçəkmiş"ə öz kömək və xidmətini təklif elədi. Daha sonra kişi ilə birgə hadisə yerindən tərpənib harayasa getdilər.

Bunlar hamısı adi bir şey hesab edilə bilərdi. Amma elə həmin "zərərçəkən"i cəmi təxminən 10 dəqiqə sonra, sağ və sağlam yenə də həmin yerdə dayanmış, elə həmin iki qadını da nəşriyyatın yanındakı avtobus dayanacağında gizlənmiş halda görəndə necə təəccübləndiyimi təsəvvür edin. Bu, təcrübəsiz və emosional sürücülər üçün ənənəvi tələ idi..."

Hadisə şahidi sürücülərə belə halların qurbanı olmamaq üçün avtomobildə registrator quraşdırmağı, bu cür hadisə ilə qarşılaşdıqda qəza işığını yandırmağı, avtomobildən çıxaraq qapını bağlamağı, dərhal polisə zəng edib məlumat verməyi, "102" xidmətində bütün səslər yazıldığından mütləq tələ barədə danışmağı, daha sonra təcili tibbi yardıma zəng edib "burada bir nəfərə, deyəsən, kömək lazımdır" deməyi, dərman qutusundan naşatır spirtini çıxarıb onu "zərərçəkən"in üzünə səpməyi məsləhət görür. Çünki bundan sonra o artıq huşunu heç vaxt itirməyəcək. Təcrübəli sürücü həmçinin, soyuqqanlılığı qorumağı, yaxınlıqdakı dirəklərdən birində videomüşahidə kamerasını axtarıb taparaq nömrəsini yazmağı və ya telefonla fotosunu çəkməyi, mütləq yaxınlıqdakı qohum və ya tanışlardan kimisə köməyə çağıraraq onunla birgə təcili yardımı və polisi gözləməyi, onların gəlişindən sonra isə diqqətlərini hadisənin qurama olduğuna cəlb etməyi və hər şeyin videoregistratorda qeydə alındığını bildirməyi tövsiyə edir. Çünki onun fikrincə, bu halda həkimlər və polislər videoregistratorda qeydə alınan materialın məzmununu bilmədiyindən dəqiq işləməyəcəklərindən və protokolda yalançı qeydlər etməkdən çəkinəcəklər.
 
BAKU.WS