SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
 
BAKU.WS-in məlumatına görə, son illərdə Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, o cümlədən lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülüb. 

Sərəncamda qeyd edilir ki, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.