Sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sərəncama əsasən, 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.

Təşkilat Komitəsinə müvafiq dövlət və hökumət qurumlarının, Milli Olimpiya Komitəsinin rəhbərləri və üzvləri daxildir. Təşkilat Komitəsinə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb.

Sərəncamda İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş 2013-cü il 24 iyul tarixli qərarın Azərbaycanda məmnunluqla qarşılandığı bildirilir. "Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır”, - deyə Sərəncamda vurğulanır.

Bildirilir ki, İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır.

Sənəddə uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsinin Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracağı, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəyi qeyd olunur.

Təşkilat Komitəsi üzvləri isə aşağıdakılardır:

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü;


Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü;


Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri;


Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri;


Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri;


Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri;


Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri;


Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü;


Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri;


Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri;


Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri;


Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri;


Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini;


Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü;


Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi;


Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri;


Cahangir Əsgərov – "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü;


Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti;


Balababa Rzayev – "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri;


Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü;


Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü;


Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü;


Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru;


Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru;


Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsindəki nümayəndəsi (Təşkilat Komitəsinin katibi).

BAKU.WS