Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının 26 ildir tətbiq edilən test üsulunun ləğv ediləcəyi axır ki, rəsmən elan olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının rəhbəri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində bildirib. O, deyib ki, test üsulunun ləğvindən sonra qəbul imtahanlarının hansı formada keçiriləcəyi ilə bağlı model hazırlanıb, gələn ay ictimaiyyətə açıqlanacaq.

Dövlət İmtahan Mərkəzinin rəhbəri deyib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: “Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

M.Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: “Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.

BAKU.WS