Azərbaycan və Belarus birgə kombayn istehsalı barədə razılıq əldə edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

Prezident iki ölkə arasında ticari-iqtisadi sahədə yaxşı perspektiv və nəticələrin olduğunu qeyd edib:

"Əlbəttə, əmtəə dövriyyəsinin artımı bizi sevindirir. Bu gün biz vəziyyəti təhlil etdik. Dünən hökumət üzvləri çox uğurlu iş apardılar - hökumətlərarası komissiyanın iclası çox yaxşı nəticələr verdi. Bizə bildirdilər ki, on milyonlarla dollarlıq müqavilələr bağlanıb. Bu, gələcək üçün yaxşı göstəricidir. Biz görülən işləri təhlil edirik, məsələlərin həlli yollarını müəyyənləşdiririk və bu məsələləri həll edirik".

İlham Əliyev xatırladıb ki, o, Aleksandr Qriqoryeviçlə Gəncə avtomobil zavodunun bazasında “Belarus” traktorlarının yığılması üçün istehsal sahəsi yaratmaq barədə razılaşanda da eyni hadisə baş verib.

"Budur, Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, artıq 10 mindən çox traktor yığılıb və lokallaşma səviyyəsi ildən-ilə artır. Bu, Azərbaycanda yeni iş yerləri yaradır. Artıq yeni sənaye sahəsi yaradıb. Bu, bizim sənaye potensialımızın artımına səbəb olub. Bu, belaruslu istehsalçılara öz təcrübələrini bizimlə bölüşmək, öz məhsullarını üzə çıxarmaq imkanı yaradıb və indi o məhsullar artıq üçüncü ölkələrin bazarlarına çıxır".

Dövlət başçısı qarşı tərəflə kombaynların istehsalı üçün oxşar yanaşma barədə razılaşdıqlarını da diqqətə çatdırıb:

"Biz bu gün kombaynların istehsalı üçün oxşar yanaşma barədə razılaşdıq. Artıq qeyd edildiyi kimi, Belarus avtomobilləri Azərbaycanda istehsal olunur. Belə ki, çox yüksək səmərəlilik dərəcəsi ilə tammiqyaslı sənaye kooperasiyası gedir".


Aleksandr Lukaşenko isə qeyd edib ki, cari ildə iki ölkə arasında qarşılıqlı ticarətdə artım müşahidə olunub.

"Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub".

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ