SİZİN REKLAM BURADA!
055 213 76 73


Energetika Nazirliyinin İctimai şurasına namizədlərin qeydiyyat müddəti başa çatıb və seçkilərin vaxtı təyin edilib.

BAKU.WS-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, İctimai şura nazirliyin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılacaq.

İctimai şuraya seçkilər oktyabrın 31-də saat 11:00-da Energetika Nazirliyinin (ünvan: Ü.Hacıbəyli küçəsi 84, Hökumət Evi) iclas zalında birgə yığıncaq şəklində keçiriləcək.

Seçkilərdə səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutlarından 21 oktyabr tarixinədək öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitələrini ehtiva edən cədvəli, həmçinin şəxsiyyət və üzvlük vəsiqələrinin surətini) [email protected] elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur. İctimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçiləcək. Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər İctimai şuranın tərkibinə seçilmiş hesab olunurlar.

Məlumatda bildirilir ki, Energetika Nazirliyi yanında İctimai şura üzvlüyünə 8 nəfərin namizədliyi qeydə alınıb. Seçki Komissiyası tərəfindən İctimai şura üzvlərinin say həddi isə 7 nəfər müəyyən edilib.

Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı məlumatlar nazirliyin rəsmi internet səhifəsində (www.minenergy.gov.az) yerləşdiriləcək.

BAKU.WS