SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib”.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramov bildirib.

Ekspert müqayisə olaraq bildirib ki, məhsulların builki dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37.1 faiz çoxdur.

“Qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr də Azərbaycan neftdən kənar sektordan məhsul alan ilk beşliyə daxil olublar.

Qeyri-neft ixracatımızın 1/3-i Rusiyanın, təxminən 30 faizi isə Türkiyənin payına düşür. Mövsüm ilə bağlı olaraq Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi artıb. Növbəti aylarda Türkiyə daxil olmaqla qeyri-MDB ölkələrinə daha çox məhsul ixrac olacağı gözlənilir”, - deyə V.Bayramov vurğulayıb.

Ekspert deyir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var:

“Bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə arasında 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir.

Artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım olub”.

Deputatın fikrincə, son 5 ilin statistikası göstərir ki, pandemiyanın təsir etdiyi 2020-ci il istisna olunmaqla hər il əvvəlki ilə nisbətən qeyri-neft ixracatında artım qeydə alınıb:

“2016-cı ildə 1 milyard 237 milyon dollar olan qeyri-neft ixracatı 2017-ci ildə 1 milyard 538 milyon dollar, 2018-ci ildə 1 milyard 689 milyon, 2019-cu ildə 1 milyard 954 milyon dollar, 2020-ci ildə isə 1 milyard 900 milyon dollar olub.

Bütövlükdə son statistika göstərir ki, lock-down tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir.

Bu baxımdan da, pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur.

Bu ilin ilk 8 ayında artım tempini nəzərə alsaq, 2021-ci ildə qeyri-neft ixracının ilk dəfə 2 milyard dollardan çox olacağı gözlənilir”.

BAKU.WS