SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il yanvarın 26-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Palmali” arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilir ki, qərar London Dəniz Arbitrləri Assosiasiyasının şərtləri altında SOCAR qrupunun lehinə verilib. Məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin “Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılmışdır. Qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də “Palmali”nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilib.

Daha əvvəl də qeyd olunduğu kimi, SOCAR və “Palmali” arasında əvvəllər kommersiya münasibətləri mövcud olsa da, “Palmali”nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar. 2018-ci ildə “Palmali”nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırmışlar.

Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar vermişdi. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən 112,5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnmişdir. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatmışdır, arbitraj qərarı gözlənilir.

BAKU.WS