SİZİN REKLAM BURADA!
055 213 76 73


Pentaqonun sözçüsü ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder ABŞ qırıcısının Suriya səmasında Türkiyəyə məxsus pilotsuz uçuş aparatını (PUA) vurduğunu təsdiqləyib.

“Bu gün yerli vaxtla təxminən saat 07:30 radələrində Suriyada qoşunlarımız PUA-ların Həsəkə əyaləti yaxınlığında zərbələr endirdiyini qeydə alıblar. Üstəlik, bu zərbələrin bəziləri ABŞ əməliyyat zonasına, bizim qüvvələrimizdən təxminən bir kilometr aralıda yerləşən əraziyə endirilib. Nəticədə qüvvələrimiz bunkerlərə daxil olub.

Təxminən saat 11:30-da Türkiyə PUA-sı yenidən bölgədə görünüb. ABŞ komandanlığı qüvvələrimizdən yarım kilometrdən az məsafədə olan PUA-nı potensial təhlükə hesab edib və “F-16” qırıcıları onu yerli vaxtla təxminən 11:40-da vurublar”, - deyə general bildirib.

“Qeyd etmək vacibdir ki, ABŞ hərbçilərindən heç kim xəsarət almayıb. Türkiyənin qəsdən ABŞ qüvvələrini hədəf aldığını düşünməyə əsasımız yoxdur. Artıq müdafiə nazirimiz türkiyəli həmkarı ilə danışıb və ABŞ-nin əməkdaşlığa davam etməyə hazır olduğunu təsdiqləyib”, - Pentaqon nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Suriya üzərindəki gərgin hava məkanında yeni beynəlxalq qalmaqala səbəb ola biləcək insident baş verib. Türkiyənin ANKA-S pilotsuz uçuş aparatı (PUA) ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35A” qırıcısı tərəfindən Suriyanın şimalda yerləşən Həsəkə şəhəri üzərində vurulub.

Bildirilir ki, təyyarə 421-ci qırıcı eskadrilyaya məxsus olub və Türkiyə PUA-sını məhv etmək üçün “AIM-120 AMRAAM” hava-hava raketindən istifadə edib.

BAKU.WS
VİDEO