SİZİN REKLAM BURADA!
055 213 76 73


“Türkçülüyü tarixdən silmək üçün yaradılmış FETÖ terror təşkilatı özü tarixdən silinmək üzrədir”.

BAKU.WS xəbər verir ki, bunu report-un Ankara bürosuna türkiyəli tarixçi, dosent Ergenekon Savrun bildirib.

Tarixçi deyib ki, 1923-cü ildə Qazi Mustafa Kamal Atatürk Türkiyə dövlətini qurduqdan sonra ölkə xaricində yaşayan türk kökənli xalqlar işğalçı siyasətə məruz qalıblar:

“Kərkükdə, Mosulda, Suriyada türkmənlər, Kipr türkləri, Qafqazda Azərbaycan türkləri, eləcə də digər yerlərdə türk soyu hər cür zülmə məruz qoyuldu, türkçülüyü yox etmək kimi bir məqsəd ortaya atıldı. Atatürk buna qarşı çox mücadilə verdi. İkinci dünya savaşından sonra yeni konyunkturada ikiqütblü dünyaya daxil olundu. Bu dəfə Türkiyənin önünə Kipr türkləri və Kipr məsələsi çıxarıldı. EOKA terror təşkilatı quruldu. Şanlı türk ordusu 1974-cü ildə bir zəfər qazanaraq bu və digər terror təşkilatlarını, eləcə də tərəfdarlarını məğlubiyyətə uğratdı. Bu dəfə erməni soyqırımı yalanı ortaya atıldı. Halbuki 1915-ci ildən öncə də, sonra da erməni yalanının ən çox zülmünə Qafqazda və Anadoluda türk milləti məruz qalıb. Bundan sonra ASALA terror təşkilatının fəaliyyətinə qarşı mübarizəmiz başladı.

Uca türk milləti və dövləti bu terror təşkilatını da süquta uğratdı. Bu dəfə PKK separatçı terror təşkilatı və onların qol-qanadları ortaya atıldı. 40 ilə yaxındır onlara qarşı mübarizə davam edir və bitmə nöqtəsindədir. Bununla bərabər, özəlliklə 12 sentyabr 1980-ci il çevrilişindən sonra qərbin əli ilə xortlayan “dindar” təriqətlər ölkəmizə nüfuz etdilər. Bunlardan biri də türk millətinin adət-ənənələrini, dilini, dinini pozub türkçülüyü yox etmək məqsədilə yaradılan Fətullahçı terror təşkilatı idi. Təbii ki, bunlar zamanla güclənib, qol-qanad açdılar. 2016-cı ildə həqiqi türkçülər, Türkiyə dövləti və xalqımız böyük bir mücadilə verməklə onları süquta uğratdı”.
Böyük zərbə alan FETÖ terror təşkilatının fəaliyyətlərinin hələ də bitmədiyini bildirən tarixçi deyib ki, Türkiyə başda olmaqla bu təşkilatın nüfuz etdiyi ölkələrdə, o cümlədən Azərbaycanda mübarizə hələ də davam edir:

“Təəssüf ki, başçıları bu gün ABŞ-də Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən saxlanılır. Türkiyədə keçirilən son prezident və parlament seçkilərində Qərb yenə də “təriqət mexanizmi”ni işə salaraq ölkəmizdə qarışıqlıq yaratmaq və dövlət çevrilişinə cəhdlərə başladı. Hətta Türkiyə-Azərbaycan qardaşlığının pik nöqtəyə çatdığı bu günlərdə bütün əldə olunan nailiyyətləri baltalamaq, gözdən salmaq məqsədi ilə bir oyun oynanıldı. Amma şükürlər olsun ki, yenə uca türk milləti bu oyunu gördü və lazım olan həmləni edib, qarşısını aldı. Türkiyə bu köstəbək hərəkətli fəaliyyətlərin əlbəttə fərqindədir və onların öhdəsindən gəlmək gücündədir. Harada gizlənsələr də, vaxtı və zamanı gəldikcə onların hamısı tək-tək təmizlənir”.

Ergenekon Savrun onu da deyib ki, bütün bunlara baxmayaraq separatçı terror təşkilatlarına qarşı türk dövlətlərinin birgə mübarizə aparması daha faydalıdır:

“Unutmaq lazım deyil ki, EOKA, ASALA-dan FETÖ terror təşkilatlarına qədər bütün bu şeytani qüvvələrə qarşı mübarizələr aparıb onları zərəsizləşdirsək də, çox təəssüf qarşımıza yeni-yeni terror təşkilatları çıxarmağa başlayırlar. O səbəbdən də, hər zaman ayıq-sayıq və birlik-bərabərlik içində mübarizəmizi davam etdirmənin daha doğru olduğunu düşünürəm”.

BAKU.WS