SİZİN REKLAM BURADA!
055 213 76 73


Tədqiqatçılar 30 min il öncə yaşamış kişinin təxmini fotosunu yaradıblar.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, söhbət 1980-ci ildə Misirin Nil vadisində yerləşən arxeoloji sahədəki “Nazlet Khater 2”də tapılan kişi skeletindən gedir.

Daş baltanın yanında basdırılmış insan qalıqlarında sonradan aparılan antropoloji təhlillər nəticəsində məlum olub ki, sümüklər, ölən zaman 17-29 yaşlarında, boyu təxminən 160 santimetr olan Afrika əsilli oğlana aiddir.

30 000 il əvvələ aid bu skelet qalıqları indiyə qədər tapılmış ən qədim Homo sapiens qalıqları kimi tanınır.

İndi, 43 ildən sonra, braziliyalı tədqiqatçılar qrupu Qahirədəki Misir Muzeyində kolleksiyanın bir hissəsi olan skelet qalıqlarını araşdırarkən topladıqları onlarla rəqəmsal təsvirdən istifadə edərək, kişinin üzünün təxmini şəklini yaradıblar.

Əvvəlcə 3D model yaradılıb, ardınca dağınıq qara saç və saqqal əlavə edilərək modelləşdirməyə daha bədii yanaşma verilib. Tədqiqatçıların fikrincə, 30 000 illik bu insanın çənə quruluşu indiki insanların çənə quruluşundan çox fərqlidir. Belə ki, onun çənəsi müasir insanların çənəsindən daha möhkəmdir.

 

Tədqiqatçılar ümid edirlər ki, bu qədim insanı öyrənmək, insanların zamanla necə təkamül etdiyini daha yaxşı anlamağa kömək edə bilər.

BAKU.WS