SİZİN REKLAM BURADA!
055 213 76 73


Oruc insan qəlbini təmizlədiyi kimi orqanizmdə də müəyyən dəyişikliklərə səbəb olur. Dini baxımdan Orucun faydalarını bilirik. Bəs tibbi baxımdan Oruc tutmaq insan orqanizmində hansı dəyişikliklərə səbəb olur?

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova BAKU.WS-ə bildirib ki, mübarək Ramazan ayında oruc tutduqda birinci mərhələ 10 gündür.

“Bədən bu rejimə yenicə uyğunlaşmağa başlayır. Bir şəxs əvvəllər oruc tutsa belə, hər dəfə oruc tutduqda yenə də dəyişikliklər baş verir.

Bu dövrdə orqanizm qaraciyərimizdə olan bütün qlükozanı, şəkəri istehlak etməyə başlayır və beləliklə daha çox enerji sərf edir və insan bu 10 gün ərzində enerji çatışmazlığı, halsızlıq, yuxululuq hiss edə bilər.

Bəzi oruc tutanlar baş ağrısı, ürəkbulanma və ya başgicəllənmə ilə qarşılaşa bilər. Bütün bunlar insanın oturaq həyat tərzi keçirməsi, maye balansını doldurmaması və ya ağır qidalar istehlak etməsi halında baş verə bilər. Orucun ikinci mərhələsi 10 gündən sonra başlayır.

Bu zaman orqanizm gündüz orucuna uyğunlaşmağa başlayır və qlükozadan yağ toxuması ehtiyatlarına keçir. Yəni yağ toxumasını enerjiyə ayırır.

Bu dövrdə insanda bütün karbohidrat ehtiyatları artıq tükəndiyi üçün bədən daha çox yağ toxuması istehlak edir və yağ ehtiyatlarını itirməyə başlayır. Üçüncü mərhələdə bədəndə detoksifikasiya başlayır. Yəni bağırsaqlar, qaraciyər, böyrəklər tullantı və toksinləri çıxarmağa başlayır”.

Professor deyir ki, bunun sayəsində oruc tutan insan özünü yüngül hiss edir, daha enerjili olur, yaddaş və konsentrasiya yaxşılaşır.

Bəs ürək xəstələrinə oruc tutmaq olarmı?

Gülnaz Dadaşova deyir ki, ilk növbədə ürək xəstələrimizin belə bir istəyi varsa, həkiminin razılığı ilə bu qərar verilməlidir:

“Yaşlandıqca oruc tutmaqla bağlı risklər yaranır. Buna görə də, ürək xəstəliyi və orucun birləşdiyi hallarda ən çox qarşılaşdığımız bir neçə məqam var.

Ürək çatışmazlığı, ürək əzələlərinin yorğunluğu, zamanla müalicə olunmayan ürək qapağı xəstəliyi və ya ürək əzələsi xəstəlikləri zamanı dərman qəbul etdikdə oruc tutmaq mümkün olmur.

Ürək çatışmazlığı olan insanlar qəbul etdikləri dərmanların təsirindən oruc zamanı həddindən artıq duz və su itkisi yaşayırlar. Bu, huşunu itirməyə və ya şoka səbəb ola bilər.

İftar zamanı orqanizm su və duzla həddən artıq yüklənir və bu, onsuz da imkanları məhdud olan ürəyin həddindən artıq yüklənməsinə səbəb olur”.

Orucluq zamanı əsas məsələlərdən biri də, iftar açarkən insanın həddindən artıq qida qəbul etməsi məsələsidir. Bəs orucu açdıqda ifrat yemək ürəyə və orqanizmə necə təsir edir?

Gülnaz Dadaşova suala cavab verərkən bildirib ki, Ramazan ayında düzgün olmayan qidalanma və ya çox yemək orqanizmə zərər verə bilər:

“Sağlam qidalanma və qidaya diqqətli yanaşma çox vacibdir. Pəhrizinizdə zülallarla zəngin qidalara üstünlük verməlisiniz.

Oruc tutursunuzsa, immunitet sisteminizdə balanssızlıq gözləməməlisiniz. Yemək son dərəcə rasional olmalıdır. Axşam mədənizi çox yükləməyin, səhər isə immunitet sisteminin fəaliyyətini pozmamaq üçün yüksək kalorili qidalardan uzaq durun.

Böyük miqdarda maye olan giləmeyvə və meyvələr yemək, eyni zamanda az yağlı və unlu məhsullar yemək tövsiyə olunur”.

Maraqlı məqamlardan biri də, iftar və imsaq zamanı qida seçimidir. İftar və imsaq zamanı hansı qidalara üstünluk vermək lazımdır?

Həkimin sözlərinə görə, yadda saxlamalıyıq ki, Ramazan ayının əsas məqsədi bədəni və ruhu məşq etmək, ruhumuzu qorumaqdır:

“Əgər buna nail ola bilsəniz, iftar və ya sahurda yeməklər bunu aşmayacaq və bədəninizin ehtiyac duyduğu sahur tələblərini daha rahat qarşılayacaqsınız. Fərqli yemək vaxtları və balans normal gündəlik pəhrizimizdən fərqli olacaq.

Ancaq həyatın hər dövründə olduğu kimi, bu dövrdə də məqsəd “adekvat və balanslı qidalanma” olmalıdır. İftar və sahurda mədənizi sürətli və çox zəngin qidalarla doldurmamalısınız.

Tez yeyilsə qan təzyiqinizin yüksəlməsinə səbəb olacaq və insulin kimi qan şəkərini tarazlayan hormonlar sürətlə ifraz olunaraq iftar sonrası həzm problemlərinizi daha da pisləşdirəcək”.

Gülnaz Dadaşova iftar və imsaq zamanı xüsusi məqamlara diqqət yetirməyin vacibliyini vurğulayıb:

“Yeməklər seçərkən çox yağlı, çox duzlu, çox ədviyyatlı və çox şirin yeməklərdən uzaq durmalısınız. Bunun əvəzinə, həzm sistemində uzun müddət qala bilən tərəvəz, meyvə və tam taxıllı çörəklər kimi asan həzm olunan və liflə zəngin qidalara üstünlük verməlisiniz.

Təxminən 1,5 -2 litr su içməli olduğunuz üçün maye qəbuluna böyük diqqət yetirilməli və su istehlakı sahur və iftar arasında bərabər paylanmalıdır”.

Ziya SƏCCAD
BAKU.WS