Vitamin çatışmazlığını necə anlamaq olar? - Həkim açıqladı
Mütəxəssislər bildirirlər ki, xüsusilə payız-qış aylarında vitamin çatışmazlığı daha çox müşahidə olunur və bu, orqanizmdə müxtəlif problemlərə yol aça bilər.
BAKU.WS xəbər verir ki, rusiyalı həkim Yuliya Devyatova yerli KİV-ə açıqlamasında vitamin çatışmazlığını aradan qaldırmağın ilk və ən vacib addımının analiz vermək olduğunu deyib.
Onun fikrincə, həkim məsləhəti olmadan müxtəlif qida əlavələrinin qəbulu təhlükəli nəticələr doğura bilər. Bu cür özbaşına qəbul zəiflik, böyrək çatışmazlığı və hətta ürək ritminin pozulmasına səbəb ola bilər.
Mütəxəssis vurğulayır ki, vitaminlər qidanın enerjiyə çevrilməsi, sümük və sinir sisteminin möhkəmlənməsi üçün vacibdir. Buna görə də orqanizmdə hansı vitaminin çatışmadığını dəqiq müəyyənləşdirmək və uyğun dozada qəbul etmək lazımdır.
Vitamin D çatışmazlığı daha çox yayılıb
Ən çox rast gəlinən çatışmazlıqlardan biri D vitaminidir. Bu vitamin əsasən günəş şüalarının təsiri ilə dəridə sintez olunur. Günəşli günlərin azaldığı mövsümlərdə isə onun səviyyəsi aşağı düşür. D vitamini çatışmazlığı özünü daimi yorğunluq, başgicəllənmə, tez-tez soyuqdəymə, əhvalın pisləşməsi, saç tökülməsi və dırnaqların kövrəkləşməsi ilə göstərə bilər. Dəqiq diaqnoz üçün qanda 25(OH)D analizinin verilməsi tövsiyə olunur.
Yüngül çatışmazlıq zamanı rasiona qızılbalıq, siyənək, skumbriya, balıq yağı, yumurta sarısı, kərə yağı və şampinyon kimi məhsulların əlavə edilməsi faydalı ola bilər.
Lakin həkimlər xəbərdarlıq edirlər ki, D vitamininin normadan artıq qəbulu qanda kalsiumun yüksəlməsinə səbəb olur. Bu isə kalsiumun böyrəklərdə, damarlarda və ürəkdə toplanmasına gətirib çıxara bilər.
B qrupu vitaminləri və xroniki yorğunluq
Bir çox insanda B qrupu vitaminlərinin də çatışmazlığı müşahidə olunur. Əlamətlər arasında xroniki yorğunluq, dırnaqların zəifləməsi və ağız künclərində quruluq yer alır. Bu vitaminlər ət, balıq, yumurta, süd məhsulları, tam taxıllar, paxlalılar, qoz-fındıq və yaşıl yarpaqlı tərəvəzlərdə (ispanaq, brokoli) bol olur.
Maqnezium və əhval-ruhiyyə
Qış aylarında maqnezium çatışmazlığı da geniş yayılır. Bu hal passivlik, əsəbilik və həddindən artıq narahatlıqla özünü göstərə bilər. Qan analizi ilə müəyyən edilən çatışmazlığı aradan qaldırmaq üçün balqabaq tumu, avokado və badam kimi məhsullar tövsiyə olunur.
C vitamini və yaraların gec sağalması
C vitamini azlığı isə yaraların gec sağalması, diş ətlərində şişkinlik və qanama ilə müşahidə edilir. Ağır hallarda diş itkisi belə mümkündür. Bu vitaminin səviyyəsini müəyyən etmək üçün səhər acqarına analiz verilməlidir. Çatışmazlığı aradan qaldırmaq üçün itburnu, bolqar bibəri, turş kələm, brokoli və sitrus meyvələri faydalıdır.
Sağlam həyat tərzi də vacibdir
Həkim-terapevt Yekaterina Mımrinanın sözlərinə görə, vitamin balansı ilə yanaşı, düzgün yuxu rejimi, şəkər və sürətli karbohidratların azaldılması, zülal, faydalı yağlar və liflə zəngin qidalanma da önəmlidir. Gün ərzində kifayət qədər su içmək və açıq havada gəzmək ümumi sağlamlıq üçün mühüm rol oynayır.
Mütəxəssislər onu da qeyd edirlər ki, ev şəraitində düzgün dondurulmayan meyvə və tərəvəzlər vitaminlərinin 70 faizdən çoxunu itirə bilər. Buna görə məhsulları mümkün qədər təzə halda istehlak etmək tövsiyə olunur.
Həkimlər həmçinin omeqa-3 yağ turşularının da orqanizm üçün vacib olduğunu vurğulayırlar. Bu maddələr ürək-damar sistemi və ümumi sağlamlıq üçün əhəmiyyətli hesab olunur.
Oxşar xəbərlər
Fevralın ən uğurlu TARİXLƏRİ – Bu günlərdə yeni işlərə başlamaq tövsiyə olunur
Astroloqlar və numeroloqlar 2026-cı ilin fevral ayı üçün enerjisi daha yüksək hesab olunan tarixləri açıqlayıblar. BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikr...