Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalara müraciət prosesi başlayıb
İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, lisey və gimnaziyalar üzrə seçim prosesi iyulun 8-də saat 11:00-da başlayıb iyulun 14-də saat 12:00-dək davam edəcək.
Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən "İmtahanlar" bölməsinin "Lisey seçimi" hissəsi vasitəsilə həyata keçirilir.
Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.
Şagird seçdiyi lisey və ya gimnaziyaya qəbul olunduğu təqdirdə şagirdlərin elektron yerdəyişmə sistemi aktivləşdiriləcək və onun üçün avtomatik yerdəyişmə sorğusu yaradılacaq. Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, qəbul imtahanı ölkə üzrə 41 müxtəlif imtahan mərkəzində təşkil olunub və prosesdə 7 minə yaxın şagird iştirak edib. İmtahan prosesi bütün mərkəzlərdə uğurla həyata keçirilib.
Nəticələrlə bağlı müraciətlər iyulun 10-da saat 17:00-dək office@arti.edu.az elektron poçt ünvanına rəsmi ərizə formasında göndərilə bilər.
Oxşar xəbərlər
"Celt Tədris Mərkəzi" 25 illik uğur tarixini yeni rekordla davam etdirir
300-dən çox məzun dünyanın aparıcı universitetlərinə qəbul olunub. Şirkət bu il də 100 faiz qəbul nəticəsi əldə edərək tələbələrini dünyanın nüfuzlu ali təhsil...