SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə şəhərə giriş-çıxış postlarında xidmət davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

Bununla bağlı olaraq Gəncə şəhərinə digər şəhər və rayonlardan gələn vətəndaşlara məhdudiyyətlər tətbiq edilib. Belə ki, xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydasına əsasən, Gəncə şəhərinə yalnız operativ nəqliyyat vasitələri, “Azərpoçt” MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlarla gələn ailə üzvləri (iki nəfərdən çox olmamaqla), Gəncədə yaşayan yaxın qohumu ölmüş şəxslər və qaydada göstərilən digər tələblərə cavab verən şəxslər istisna olmaqla, vətəndaşların şəhərə girişi məhdudlaşdırılıb.

Onlara xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilərək zərurət olmadan evdən çıxmamaq tövsiyə olunub.

Şəhər ərazisini tərk etmək istəyən sakinlərə də qeyd edilən istisnalar olmadıqda Gəncədən çıxışa icazə verilməyib.

Qeyd edək ki, məhdudlaşma tətbiq edilən gündən indiyə qədər ümumilikdə 2000-dən çox vətəndaşın şəhərə giriş-çıxışına icazə verilməyib.

BAKU.WS
QALEREYA