SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus pandemiyası ilə əlaqədar olaraq son zamanlar bir sıra ölkələr visa məsələlərini sərtləşdirib. Belə ki, artıq visa müraciətləri zamanı təqdim edilən səyahət sığortalarında COVID-19 təminatı ilə bağlı maddənin mövcud olması, təminat məbləğinin maksimum həddə olması tələb olunur.

Azərbaycan ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinin təqdim etdiyi sığorta sənədində bu barədə müdəaların olmaması və COVID-19-la bağlı təminatın 1000-1500 manat civarında olması Azərbaycandan həmin ölkələrə uçmaq istəyənlərə müəyyən problem yaradır.

Bir çox hallarda isə vətəndaşlarımız bu problemi həll etmək üçün xarici sığorta şirkətlərinin xidmətlərindən istifadə etməyə məcbur olur.

BAKU.WS-in məlumatına görə, "report"a açıqlaması zamanı məsələnin bu gün gündəmdə olan əsas problemlərdən biri olduğunu qeyd edən sığorta məsələləri üzrə ekspert Əli Bayramov bildirir ki, bu sığorta şirkətlərinin qeyri-peşəkar olması ilə əlaqədardır:

"Bütün Avropa ölkələri olmasa da dövlətlərin böyük əksəriyyəti, hətta qonşu Gürcüstan belə COVID-19 təminatı olmadan xarici vətəndaşları öz ərazilərinə buraxmırlar.

Bundan əlavə tələblər arasında limitlərlə bağlı də şərtlər var. Belə ki, bir sıra ölkələr bu xəstəlik üzrə təminatın maksimal həddə olmasını istəyirlər.

Bu da tam anlaşılandı. Çünki Azərbaycan vətəndaşı o ölkədə olduğu zaman koronavirusa yoluxa bilər və bu da müəyyən xərclər əmələ gətirər.

Bəzi ölkələrdə bu xərclərin qarşılanması öz vətəndaşları üçün ödənişsiz olsa belə, xarici vətəndaşlar üçün pulsuz deyil. Nəticədə isə problem yaranır. Bu səbəbdən də ölkələr viza müraciəti zamanı belə bir tələb qoyublar.

Azərbaycana gəldikdə isə, həmişə olduğu kimi bizim sığorta şirkətləri qərar qəbul etməkdə gecikir. Əslində burda ciddi problem yoxdur.

Sığorta şirkətlərimiz mövcud təkrarsığortaçılar, yaxud digər mötəbər təkrarsığortaçılar vasitəsi ilə bu təminatı əldə edib müvafiq qaydada öz müştərilərinə təklif edə bilərlər. Koronavirusa yoluxma halların çox olması sığortaçılarımızın bu məsələdən çəkinməsinin səbəbidir.

Məsələn Avropada koronavirusun müalicəsi baha olduğu üçün sığorta şirkətləri böyük vəsait itirəcəklərindən ehtiyat edirlər.

Bu səbəbdən də onlar belə bir limit [1000-1500 manat civarında] qoyublar. Çünki böyük risk olduğunu düşünürlər. Amma bu əsas vermir ki, belə bir addımı atsınlar. Çünki bizim sığorta bazarında müasir dövrdə olan sığorta risklərinə qarşı da addımsızlıqları var.

İndi bütün dünyada ən böyük risklərdən biri kiber risklərdir. Artıq ölkəmizdə də tez-tez sadə vətəndaşlara qarşı “fishing” hücumlarının həyata keçirildiyini və bu üsulla onların kartlarından pul oğurlandığını görürük. Sual olunur ki, bəs Azərbaycan bazarı bu risklə bağlı təminat verirmi? Təbii ki, yox!

Burada çətin bir iş yoxdur. Əslində COVID-19-la bağlı təminat verə bilən böyük şirkətlər var. Sığorta şirkətlərimiz qorxursa, öz risklərini təkrarsığorta şirkətləri ilə ilə bölüşə bilərlər.

Nəticədə ölkə vətəndaşlarına lazım olan təminatı təqdim edə bilərlər. Bu sadəcə sığorta şirkətlərinin qeyri-peşəkarlığı və dünyada baş verənlərlə ayaqlaşmamasıdır".

Ekspert hesab edir ki, vətəndaşların xarici sığorta şirkətlərinə müraciət etməsi ölkədən valyuta axınına səbəb olur:

"Bu səbəbdən də Şengen zonasına gedən Azərbaycan vətəndaşı məcbur olur AXA kimi qlabal şirkətlərin sistemindən onlayn şəkildə həmin təminatı alsın.

Bu isə qanunvericiliyin tələbinin kobud şəkildə pozulması deməkdir. Çünki qanunvericiliyə görə, Azərbaycanla bağlı sığorta predmeti, sığorta marağı yalnız yerli şirkətlərdə sığortalanmalıdır. Əgər Azərbaycan vətəndaşı xarici sığorta şirkətindən bu təminatı alırsa bu ölkədən valyuta axını deməkdir və itirən də Azərbaycan iqtisadiyyatı olur.

Onu da qeyd edim ki, uzun illər Səyahət sığortası portfelləri Azərbaycan sığorta şirkətləri üçün ən mənfəətli sığorta sahəsi olub.

Bu baxımdan da sığorta şirkətləri zərərli olmaqla bağlı iddia edə bilməzlər. Bu da bir növ absurd vəziyyəti göstərir. Əgər zərərlilik aşağıdırsa sən niyə oturmusan yerində və heç bir təşəbbüs göstərmirsən?

Bu məsələlərin qaldırılması ilə Azərbaycan Sığorta Assosiasiyası (ASA) və problemin həlli isə Azərbaycan Mərkəzi Bankının öhdəsinə düşür. ASA oturub müzakirə aparmalıdır və konkret təkliflər verməlidir".

Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədrinin müşaviri Turabxan Turabxanov da problemin mövcudluğunu qeyd edir. Sığorta şirkətinin rəsmisi hesab edir ki, COVID-19 üzrə təminatın yüksək olması komissiya haqlarının da artmasına səbəb olur:

"COVID-19 xəstəliyi ilə bağlı, ölkədə vaksin vurduranların sayı artdıqca, səfər sığortası üçün müraciətlərin də sayı artır.

Şengen ölkələrinə bağlı olan ölkələrin səfirlikləri COVID-19 xəstəliyinə qarşı tam təminat istəyirlər. Amma bizdə yerli şirkətlər müəyyən bir məbləğə qədər təminat verirlər.

Bu təminat təxminən 1500-2000 manat arasında olur və ona görə də çox vaxt səfirliklər bu müqaviləni qəbul etmirlər. Vətəndaşlar da məcbur qalıb xarici şirkətlərdən alırlar sığortanı və bu da çox baha qiymətə başa gəlir.

Bu təminatın xaricdən alınması da təxminən 250 avroya başa gəlir. Təbii ki, bu bizim şirkətlərdən cüzi fərq qiyməti ilə fərqlənir. O qədər də böyük fərq olmur.

Azərbaycanda bu təminatın verilməsi daha yaxşı olar. Bu sahədə böyük boşluq var. Hamı kimi mən də narazıyam. Yəqin ki, bizim özümüzdə bu təminatın nəyə görə olmaması ilə bağlı müəyyən problemlər var ki, bundan da bizim xəbərimiz yoxdur".

BAKU.WS