SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əgər manatın məzənnəsində dəyişiklik baş verərsə, bu, yerli istehsalın maya dəyərinin çox ciddi şəkildə artmasına gətirib çıxaracaqdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, qiymət artımları qaçılmazdır: "Burada bir neçə istiqamət üzrə qiymətlərdə təzyiqlər yaranıb. Birincisi, dünya səviyyəsində istehsal prosesi pandemiya əleyhinə tədbirlər nəticəsində geri düşüb, bir çox istiqamətlər üzrə dayanıb. İstehsalın dayanması təklifin azalmasına gətirib çıxarır, bu da dolayısı ilə idxal olunan məhsullarda qiymət artımlarını, inflyasiyanı Azərbaycan bazarına gətirib çıxaracaqdır. Çünki ölkəmiz idxaldan asılı ölkədir. Birmənalı şəkildə ərzaq təminatı və ailə təsərrüfatlarının istehlak etdiyi məhsul növləri üzrə idxaldan asılıyıq. Buna görə də bu istiqamətlərdə qiymətlər artacaqdır.

İkincisi, Azərbaycan bazarında indiki şərtlər daxilində kifayət qədər liberallıq yoxdur. Bu da bazarda mövcud olan sahibkarlıq subyektlərinin yaranmış imkanlardan istifadə etməsinə şərait yaradır. Yəni qıtlıqdan, məhsul çatışmazlığından istifadə edərək qiymətləri daha yüksək səviyyəyə çatdırmaq və ya yüksək marja tətbiq etmək cəhdləri olacaqdır. Bu özü də qiymət artımına gətirib çıxaran səbəblərdən biridir.

Üçüncüsü, yerli istehsalımızın özü xammal baxımından idxaldan asılıdır. Xüsusilə də əgər manatın məzənnəsində dəyişiklik baş verərsə, bu, çox ciddi şəkildə yerli istehsalın maya dəyərinin artmasına gətirib çıxaracaqdır. Beləliklə də yerli istehsal üzrə qiymətlər bahaşlacaqdır.

Dördüncüsü, bu gün pandemiya ilə əlaqədar tədbirlər çərçivəsində karqo və daşıma xidmətləri kifayət qədər artıbdır. Burada sahibkarlıq subyektləri üçün həm tələb olunan zaman, həm də xətlər artıbdır. Növbəti aylarda artıq qeyd edilən xərclər də məhsulun maya dəyərinə daxil olmaqla, son istehlakçı qiymətlərinin daha yüksək şəkildə təqdim olunması üçün zərurət yaradacaqdır. Görünən budur ki, növbəti aylarda da qiymət artımlarının proqnozlaşdırılandan daha yüksək olacağını müşahidə edəcəyik.

Orxan Hüseyn
BAKU.WS