SİZİN REKLAM BURADA!
055 213 76 73


İqtisadçı Zahid Məmmədov Azərbaycanda toy biznesini istehlak xuliqanlığı adlandırıb.

BAKU.WS xəbər verir ki, iqtisad elmləri doktoru Zahid bəy aparıcının "Niyə Azərbaycanda hər şey toy üzərində qurulur?" sualını cavablandırarkən maraqlı fikirlər səsləndirib:

"Problem bundadır ki, Azərbaycanda bərbərxanalar, dərzilər, taksilər, geyim dükanları öz işlərini toy üzərində qurublar. Bizim dastanlar və nağıllar da daha çox toy üzərində dayanır. "40 gün 40 gecə toy oldu" cümləsinə tez-tez rast gəlirik. Ona görə də bizdə toya çox önəm verilir.

Bizim toylar iqtisadi və psixoloji nöqteyi-nəzərdən başqalarına nümayiş etdirmək üçün təşkil edilir. Bu, istehlak xuliqanlığıdır. Bunun qarşısı alınmalıdır. Toy sahibi formalaşmış ictimai rəyə uyğun hərəkət edir. Ümumiyyətlə baxsaq, bizdə bütün qiymətləndirilmələr toy iqtisadiyyatı ilə əlaqəlidir. Mən 2001-ci ildə toy iqtisadiyyatı ilə əlaqədar kitab yazdım və məni Fransaya dəvət etdilər. O zaman hələ heç kim anlamırdı ki, gəlirinin çox böyük hissəni toy iqtisadiyyatına sərf edə bilər.

Təsəvvürünüzə gətirin, öz təhsilinə, inkişafına 1000 manat pul verməyən azərbaycanlı toyda 3-4 saat oxuyan müğənniyə 10 min manat verir. Bu absurddur! Müğənniyə 10 min manat hansı məntiqə sığır?"

Z.Məmmədov Azərbaycan toylarını digər ölkələrdə təşkil edilən toylarla müqayisə edib:

"Mən "Toy iqtisadiyyatı" kitabımı yazarkən Avropa ölkələrinin toylarını araşdırdım. Lap elə götürək bizə hərtərəfli yaxın olan Türkiyəni. Oranın ən zəngin adamı istisna etsə belə maksimum 100 nəfər qonaq dəvət edər və pul yığmaz. Məclisdə 2-3 müğənni iştirak edər. O da toy sahibinin dostu olaraq məclisə qatılıb yeni evlənənləri öz musiqisi ilə təbrik edir. Əgər toy sahibi müəllimdirsə, məclisi məktəbin yeməkxanasında təşkil edər. Hətta məscidlərdə müəyyən yerlər var ki, bir çox insanlar toyunu orada edir. Bizdə hədsiz təmtəraqla keçirilir və bu da toy sahibini müflis edir".  

İqtisadçı toylardakı lazımsız adətlərin yavaş-yavaş aradan çıxacağını proqnoz verdi:

"Çox sevindiricidir ki, toylarda şabaş atılması adəti artıq aradan götürülüb. Getdikcə digər lazımsız adət-ənənələr də sıradan çıxacaq. Zaman gələcək, bizim toylarda İsveç masası olacaq. İnanın, belə olacaq. Əvvəla, insanların sağlamlığı baxımından 18.00-dan sonra o qədər çeşidli yemək qəbul etmək düzgün deyil. Məsələ burasındadır ki, insanlar bunu istəmir, bu yeməklər məcburən verilir".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO