SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusa yoluxmaqdan necə qorunmaq olar?

BAKU.WS ATV-yə istinadla xəbər verir ki, son vaxtlar ən çox müzakirə olunan mövzu məhz budur.

Belə bir söz-söhbət dolaşır ki, çox sarımsaq yeməklə və spirtli içkidən istifadə etməklə koronavirusdan sığortalanmaq olar. Hətta sarımsağın qiyməti də buna görə artıb.

Bəs, görəsən, deyilənlər nə dərəcədə əsaslıdır? 

"Sarımsaq, spirtli içki koronavirusa qarşı ən yaxşı vasitədir" deyə düşünənlər, xəbəriniz olsun ki, bu fikir həqiqəti əks etdirmir. Dünyanın tanınan informasiya agentliyi "BBC" koronavirusdan qorunmaq üçün təklif olunan bir neçə variantla bağlı Dünya Səhiyyə Təşkilatının fikrini öyrənib.

Məlum olub ki, koronavirusun qarşısını almaq üçün sarımsaq yemək və ya spirtli içki qəbul etmək kimi fikirlər yanlışdır. Belə ki, Çinin “The South China Morning Post” qəzetində qeyd olunub ki, bir qadın koronavirusdan qorunmaq üçün 1 kiloqram yarım sarımsaq yeyib, buna baxmayaraq o, virusa yoluxub.

Ölkənin baş infeksionisti Cəlal İsayev deyir ki, sarımsaq və spirtli içki çox qəbul etmək hətta orqanizmə mənfi təsir göstərə bilər.

Cəlal İsayev həmçinin qeyd etdi ki, orqanizm üçün faydalı olan bir çox məhsullar var ki, onları qəbul etmək tövsiyə olunur:

Mağazada satılan meyvə şirələri yox, təzə çəkilmiş meyvə şirələri qəbul edin. Bütün meyvə şirələri çox xeyirlidir. Çoxlu maye qəbul etmək lazımdır. Bitkilərdən dəmlənmiş çaylardan içmək də faydalıdır. Vətəndaşlar zəncəfilli, kəklikotulu, mixəkli çaylardan istifadə etsinlər. Bu cür çaylar da orqanizm üçün xeyirlidir.

Qeyd edək ki, mütəxəssislər məsləhət görür ki, virusdan qorunmaq üçün ən vacib məsələ gigiyenik qaydalara əməl olunmasıdır. Əlləri tez-tez sabunla yumaq əsas şərtdir. İnsanların sıx olduğu yerlərdən uzaq olmaq və əlləri buruna, ağıza və gözlərə toxundurmamaq lazımdır.

Eyni zamanda öskürərkən ağızı qolun bükülən yerinə tutmaq vacibdir.

Ümumiyyətlə, bu ərəfədə insanlarla hətta əl ilə görüşmək tövsiyə olunmur.

BAKU.WS
VİDEO