SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağır xəstəlik səbəbindən bir ayağını itirib. Ancaq həyat eşqi və ümidini heç vaxt əldən verməyib. Əksinə həyata daha çox bağlanıb, insanları, xüsusilə də dərs dediyi şagirdləri daha çox sevib. Növbəti süjetimizin qəhrəmanı nərmin əhmədovadır. Öz örnək davranışları ilə ətrafında olanlara nikbinlik aşılayan bu pozitiv xanımı, gəlin, birlikdə tanıyaq.

Hər gün məktəbə gəlir və şagirdlərinə həvəslə dərs keçir. Elə bu həvəsi onu məktəbin ən sevimli müəlliməsinə çevirib.

Söhbət xərçəng xəstəliyinə görə bir ayağını itirən, ancaq buna baxmayaraq, öz nümunəvi davranışı ilə digərlərinə də nikbinlik aşılayan Nərmin Əhmədovadan gedir.

16 ildir ki, paytaxtın Xətai rayonundakı 116 saylı məktəbdə ingilis dilindən dərs deyən Nərmin Əhmədovanın fəaliyyəti təkcə məktəblə də məhdudlaşmayıb. O, öz fəaliyyəti ilə seçilən müəllimlərdən biri kimi müsabiqəyə qatılmaqla, Böyük Britaniyada xüsusi təlimdə də iştirak edib.

Nərmin Əhmədovanın oğlu 13 yaşlı Adil Əhmədov da anasının dərs dediyi sinifdə oxuyur. O, anası ilə qürur duyduğunu və hər zaman ona dəstək olmağa çalışdığını bildirir.

Məktəbin direktoru Gülnaz Kərimova deyir ki, Nərmin Əhmədova nikbinliyi və pozitiv davranışları ilə kollektivi hər zaman təəccübləndirir.

Daha çox ictimai nəqliyyatdan istifadə etdiyini deyən Nərmin Əhmədova insanların bəzən baxışları ilə onu izləməsindən narahat olduğunu bildirir. Onun fikrincə, qüsurlu insanlar fiziki cəhətdən hansısa problemi olanlar yox, əqidə problemi olanlardır.
BAKU.WS
VİDEO