SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu, Novxanı “Alma” çimərliyində qaldırdığımız məsələ araşdırılıb. Orada çirkab suların dənizə axıdılması faktı aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirib.

Növbəti belə tədbir Sumqayıt şəhəri ərazisində keçirilib.

Reyd zamanı “Alma” istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib və A.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsi) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Qeyd edək ki, iyulun 6-da Abşeron rayonu, Novxanı “Alma” çimərliyində vəziyyətin bərbad olması barədə məlumat vermişdik.

Çimərlikdən görüntü çəkən şikayətçi burada antisanitariyanın hökm sürdüyünü bildirib.

O, vurğulayıb ki, dəniz kənarındakı qumluq təmizlənmir. Eyni zamanda kanalizasiyanın çirkab suları birbaşa dənizə tökülür.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 28-dən iyulun 4-dək çimərlik ərazilərində növbəti monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıblar.

Bu dəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur.

Ziya SƏCCAD 
BAKU.WS
BAKU.WS
VİDEO