VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 29-da Bakıda keçirilən Avropa Liqa­sının final oyunu ön­cəsi və sonrası daxi­li işlər orqanlarının əməkdaşları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra ediblər. 

BAKU.WS xəbər verir ki, ötən gün turistlərin və azarkeşlərin rahat, fasiləsiz hərəkətinin təşkil edilməsi və onların gəzintisinin təmin edilməsi ilə bağlı Füzuli, Ş.Bədəlbəyli, Ü.Hacıbəyli və bunlara bitişik olan küçələrdən “Qış parkı” və “Sahil bağı” istiqamətində şəraitdən asılı olaraq qismən avtomobillərin hərəkət istiqamətləri dəyişdirildi. 


Azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkətinin təşkil edilməsi üçün metronun Koroğlu, 28 May və Q.Qarayev metro stansiyalarının qarşısında xüsusi avtobuslar ayrıldı. Təyin olunmuş avtobuslar pulsuz xidmət göstərdi. Futbola baxmaq istəyən, lakin bileti olmayan şəxslər üçün müxtəlif ərazilərdə, monitorlar quraşdırıldı. Həmin monitorlar vasitəsilə final oyununu izləmək mümkün idi. 

Bununla yanaşı, UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunu ilə əlaqədar Daxili Qoşunların bölmələri şəhərin mərkəzi küçələrində avtomobillərin daxil olmadığı ərazilərdə (parklarda) qarovul xidmətini atlarla həyata keçirirdi. Süvari polislər həm paytaxt sakinlərinin, həm də xarici turistlərin marağına səbəb oldu. 


Hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığına Milli Məclisdə də diqqət ayrılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov bildirib ki, UEFA Avropa Liqasının final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər:

"Xaricdə belə oyunlar zamanı toqquşmalar yaranır. Şükürlər olsun, bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi”. 


Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final oyunu ərəfəsində Azarkeş Festivalı da start götürdü. 

İctimaiyyət üçün girişin sərbəst olduğu Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq imkanları var idi. 

Uşaq Zonasında uşaqlar üzlərinə rəsm çəkdirir və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirirdi. Bir sözlə bulvarda təşkilatçılıq çox yüksək səviyyədə idi. 

UEFA Avropa Liqası finalı zamanı azarkeşlərin stadiona daxil olması və stadionu tərk etməsi prosesi yüksək səviyyədə təşkil edildi. Adətən Avropada bu tip gərgin mübarizə aparan klubların azarkeşləri arasında davaların baş verdiyini müşahidə edirik. Ancaq Azərbaycan polisi vəzifəsinin öhtəsindən layiqincə gəldi və final oyununda heç bir insident olmadı. Həm xarici turistlər, həm də yerli sakinlər bu təşkilatçılıqdan zövq aldılar. Azərbaycan polisinə yüksək peşəkarlıq göstərərək xidmət etdiyi üçün təşəkkürü bir borc bilirik. Bakı növbəti dəfə çətin sınaqdan üzü ağ çıxdı.

Şahin Həbibov
BAKU.WS