SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanalar bəzi kütləvi informasiya vasitələrində ölkəmizə Çindən idxal edilən məhsullara görə alınan gömrük rüsumunun artırıldığı və bu səbəbdən də bəzi məhsulların satış qiymətinin yüksəldiyi iddia edilir.

Xüsusən də ''karqo'' qiymətlərində artımın olduğu bildirilir.

Məsələ ilə bağlı ''Xəzər Xəbər''ə açıqlama verən Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev deyib ki, rüsumlarda heç bir artım edilməyib və əvvəl olduğu kimi qiymət tarif təsnifatına əsasən müəyyən edilir.

O bildirib ki, təmsil etdiyi qurum məsələ ilə bağlı araşdırma aparıb və məlum olub ki, bəzi sahibkarların iddia etdikləri yükün kubmetrlə ölçü vasitəsi ümumilikdə Dövlət Gömrük Komitəsində mövcud deyil və bu, birbaşa daşıma şirkətlərinə aid məsələdir.

Fərid Əliyev bildirib ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər. Onun sözlərinə görə, hazırda qeyd olunan yüklərlə bağlı vahid tarif mövcuddur və onun tətbiqində hansısa yenilik yoxdur.

Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çindən idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə "Binə" və "Sədərək" ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir. Bəzi media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, "karqo" adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavablar aldıqlarını bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
VİDEO