SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda, Biləcəri qəsəbəsin piyada körpüsündə təhlükəli vəziyyət yaranıb.

Bu barədə qəsəbə sakinləri BAKU.WS-ə şikayətlərində bildiriblər. Qeyd edilir ki, Biləcəri dəmir yolu stansiyasının üzərindən keçən 300 metrlik piyada körpüsündən keçmək sakinlərin həyatı  üçün təhlükəlidir.

“Gündə yüzlərlə insan bu körpüdən keçir. Yağışlı və küləkli havalarda insanlar üçün çox çətinlik yaradır bu körpü ilə getmək”, - deyə Əli Əliyev adlı sakin bildirib.

Qeyd edək ki, körpünün üstü açıq olduğu üçün vəziyyət daha da təhlükəlidir. Hətta həmin körpünün üstündən bir neçə dəfə özünü atanlar olub.

“Kürpünün kənarından yüksək gərginlikli elektrik kabelləri keçir. Bu da sərnişinlərin həyatı üçün olduqca təhlükəlidir”, - deyə Kamil Əvəzov adlı vətəndaş bildirib.

Sakinlər onu da deyirlər ki, əvvəlcə körpünün əsaslı təmir olunacağı və üstünün bağlanacağı barədə danışılsa da, sonradan bu barədə müzakirələr dayandırıldı.

Qeyd edək ki, sözügedən piyada körpüsü 1956-cı ildə istismara verilib. Həmin ildən bu günə qədər kiçik kosmetik düzəlişlər istisna olunmaqla, körpü əsaslı təmir edilməyib.

Məsələ ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə əlaqə saxladıq.


Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova BAKU.WS-ə bildirilib ki, Biləcəri stansiyasındakı 2644-cü km-də yerləşən piyada keçidi körpüsü 1956-cı ildə istismara verilib.

“Körpünün ümumi uzunluğu 299,48 metrdir. Son illərdə piyada keçidi körpüsünün kənd tərəfdə olan hissəsində 1 ədəd kosour enmə pilləkənləri ilə birlikdə sökülərək rekonstruksiya  işləri aparılıb.

Hazırda körpünün vəziyyəti kafidir. Gələcəkdə körpüdə rekonstruksiya işlərinin aparılması nəzərdə tutulur”, - deyə Sevinc Qədirova bildirilib.

Görünür həmin körpüdə hansısa bədbəxt hadisə baş verməyənə qədər yaranmış təhlükəli vəziyyət aradan qaldırılmayacaq. Hansısa bədbəxt hadisə baş verəndən sonra rəsmi qurumlar başlayacaq hay-küy salmağa.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO