SİZİN REKLAM BURADA!
055 213 76 73



21 fevralda ölüm ayağında Nərgiz Babayeva-Kərimovanın köməyilə İstanbula aparılan Anjela artıq xəstəxanadan çıxıb. 34 gün ərzində 8 əməliyyat keçirən 2 yaşlı qızcığaz 16 gün reanimasiyada saxlanılıb. Anjelanı yeni əməliyyatlar gözlədiyindən reabilitasiya müddətini də İstanbulda qalacaq. Bu müddət ərzində ona xüsusi baxıçı təyin edilib.

BAKU.WS
xəbər verir ki, Anjelanın anası "Səni axtarıram" proqramına gələrək uşağının yanına getmək üçün Xoşqədəm Hidayətqızından kömək istəyib.

Aparıcı ağlayaraq yalvaran ana deyir ki, Anjelaya özü qulluq etmək istəyir.

"Mən onsuz yaşaya bilmərəm. Qurban olum, məni balama qovuşdurun"!- deyərək yalvarıb.

Xoşqədəm xanım Zülfiyyəyə yardım edəcəyinə, yol xərcini ödəyərək özü ilə birlikdə Türkiyəyə aparacağına söz verib.



Sadəcə problem bundadır ki, Nərgiz xanım Anjelanın anasının səhlənkarlığı və məsuliyyətsizliyi üzündən yandığını ehtimal etdiyindən, uşağın anasından ayrı qalmasını məqbul görür. 

"Mən bütün lazımi orqanlara müraciət etmişəm. Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova baş vermiş hadisə ilə bağlı məktub yazmışam. Onların cavabı və rəyi gəldikdən sonra, əlbəttə, ananın bu hadisədə heç bir günahı yoxdursa, Anjelanın və anasının normal yaşaması üçün hər bir şərait yaradılacaq. 

️Əgər bu işdə ananın günahı varsa, heç bir halda uşaq mənim tərəfimdən anaya təhvil verilməyəcək Ananın günahı olarsa, mən Anjelanı dövlətə təhvil verəcəyəm və dövlət özü necə lazımdır, elə də qərar verəcək. Mənə çatan uşağa yardım etmək idi, onu da etdim və hər şey göz qabağındadır. Qərarlar tək verilmir. Hadisələr dövlət tərəfindən ciddi nəzarət altında saxlanılır",- deyərək öz fikrini əəsaslandırdı. 



Qeyd edək ki, ailə münaqişəsi zəminində yanan və ya yandırılan körpə Anjelanın taleyi hər kəsi maraqlandırır. "Uşaqların xoşbəxt gələcəyi" fondunun təsisçisi və rəhbəri Nərgiz Babayeva-Kərimovanın sayəsində sağ qalan 2 yaşlı körpənin vəziyyəti gündən-günə yaxşılaşır. Nərgiz xanım Anjela Ələkbərovanın vəziyyətilə bağlı mütəmadi olaraq "Facebook" səhifəsində məlumat verir. Əməliyyatlarda balaca qızcığazın yanğından eybəcər hala düşmüş üzü, ayaqları və əlləri yaralardan təmizlənib. Üzünün və bədəninin digər hissələrinin normal vəziyyətə gətirilməsi üçün onu 20-30 əməliyyat gözləyir.

Zülfiyyə Qurbanova
BAKU.WS